AZE ENG
Facebook
Twitter Google Myspace
“Professor Qafar Cəbiyev – 70”
15-8-2020

Avqustun 14-də Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti, onun "Orta əsr Ağsu şəhəri" Dövlət Tarix-Mədəniyyət Qoruğu və "Miras" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi arxeoloq alim, professor Qafar Cəbiyevin anadan olmasının 70 illiyinə həsr olunmuş vebinarlara başlayıb. İlk vebinar "Arxeoloji ekspedisiya: Şamaxı" mövzusuna həsr olunub. Vebinarın moderatoru "Orta əsr Ağsu şəhəri" Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli, məruzəçiləri Azərbərpa Layihə-Tədqiqat İnstitutunun direktoru, memarlıq üzrə fəlsəfə doktoru Telman Kərimli, Qafar Cəbiyevin ekspedisiyalarının üzvləri tarix üzrə fəlsəfə doktoru Elmira Abbasova və Vüsal Həsənov olub.  Vebinarda Şamaxının Dəmirçi kəndində yerləşən Gəgəli yaylağı nekropolu və "Ömər Sultan" ziyarətgahında aparılan arxeoloji tədqiqatlardan və onun nəticələrindən danışılıb. Vebinarlar 15-16 avqust tarixlərində də davam edəcək. Həmin vebinarlarda Qəbələ-İsmayıllı və Ağsu-Kürdəmir abidələrindən, onlarda aparılan arxeoloji tədqiqatlardan bəhs ediləcək. 25-26 avqust tarixlərində isə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti, onun "Orta əsr Ağsu şəhəri" Dövlət Tarix-Mədəniyyət Qoruğu və "Miras" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi arxeoloq alim, professor Qafar Cəbiyevin anadan olmasının 70 illiyinə həsr olunmuş beynəlxalq vebinar-konfrans keçirəcək. Konfransın mövzuları Qafar Cəbiyev və Azərbaycan arxeologiyası, orta əsr arxeologiyası, şəhər mədəniyyəti, Qafqaz Albaniyası arxeologiyası, Girdiman vilayəti abidələri, Azərbaycanın qala istehkamları, orta əsr sənətkarlığı, dini xatirə kompleksləri və s.-dir. Tezislər 20 avqusta qədər toplanılır. 

 
 
1950-ci ildə İsmayıllı rayonunun Talıstan kəndində dünyaya göz açan, 1973-cü ildə H.B.Zərdabi adına Kirovabad Dövlət Pedaqoji İnstitutunun tarix fakültəsini fərqlənmə diplomu ilə başa vuran Qafar Cəfər oğlu Cəbiyev 1981-ci ildən etibarən Akademiyanın əvvəlcə Tarix İnstitutunda, daha sonra isə Arxeologiya və Etnoqrafiya İnstitutunda laborant, kiçik elmi işçi, böyük elmi işçi, aparıcı elmi işçi, 2012-ci ildən isə baş elmi işçi vəzifəsində işləyib. 1985-ci ildə namizədlik, 2008-ci ildə doktorluq dissertasiyası müdafiə etmiş, 1986-cı ildən başlayaraq Qəbələ, İsmayıllı, Kürdəmir, Ağsu və Şamaxı rayonları ərazisindəki antik və orta əsr abidələrinin arxeoloji tədqiqi ilə məşğul olan ekspedisiyalara rəhbərlik etmişdir. Azərbaycan tarix və arxeologiya elminin inkişafı istiqamətindəki bir sıra ilklər məhz Qafar Cəbiyevə məxsusdur. Onlardan bəziləri bunlardır:
1. Azərbaycanda son orta əsr arxeologiyası problemi ilk dəfə Q.Cəbiyevin tədqiqatları əsasında öyrənilib.
2. Ötən əsrin 30-40-cı illərindən başlayaraq Moskvanın və erməni tarixçilərinin səyləri ilə qədim Azərbaycan dövləti olan Albaniyanın Girdiman vilayətinin tarixi və lokalizəsi ilə bağlı tarix elmimizdə hökmran olan saxta və ermənipərəst yanaşma ilk dəfə Q.Cəbiyevin doktorluq dissertasiyası əsasında büsbütün alt-üst edilib. Bu, tarix elmimizdə çox ciddi yenilikdir.
3. Qədim Azərbaycan dövləti olan Albaniyanın tarixi mənbələrdə adı çəkilən və son vaxtlaradək yeri elm aləminə bəlli olmayan mühüm şəhərlərdən biri olan Mehrəvan ilk dəfə məhz Q.Cəbiyevin rəhbərliyi ilə 2004-2015-ci illərdə aparılmış arxeoloji tədqiqatlar əsasında aşkara çıxarılaraq öyrənilib. Bu da tarix elmimizdə yenilikdir.
4. Son 100 ildə Azərbaycan arxeoloqları içərisində ilk dəfə olaraq qızıl pullardan ibarət dəfinə məhz Q.Cəbiyevin rəhbərlik etdiyi Ağsu arxeoloji ekspedisiyası tərəfindən aşkar olunub və tədqiq edilərək Milli Azərbaycan tarixi Muzeyinə təhvil verilib. Ümumiyyətlə, Q.Cəbiyevin rəhbərliyi ilə öyrənilən bütün arxeoloji abidələrdən çox qiymətli tapıntılar, o cümlədən qızıl məmulatı əldə olunub. Sonuncu dəfə 2017-ci ilin may ayında onun rəhbərliyi ilə Dəmirçi nekropolunda (Şamaxı rayonu) tədqiqatlar zamanı eramızın III əsrinə aid hökmdar və sərkərdə qəbri, Roma və Parfiya pulları, silahlar, külli miqdarda gətirilmə və ya yerli istehsal məhsulu olan bəzək əşyaları, o cümlədən ləl-cavahiratla bəzədilən nəfis qızıl sırğalar aşkar olunub. Bundan əlavə, 2010-2012-ci illərdə Ağsu və Kürdəmir rayonları ərazisindən gümüş pullardan ibarət daha iki gümüş və mis pullardan ibarət dəfinə tapılaraq, tədqiq edilərək dövlətə təhvil verilib. Kürdəmir rayonu ərazisindən tapılan və Şirvanşahlara aid 1131 ədəd sikkədən ibarət Muradxan dəfinəsinin tədqiqinə həsr olunan iri həcmli “Muradxan dəfinəsi” adlı albom-kataloqu 2012-ci ildə Elmin İnkişaf Fondu tərəfindən nəşr olunub.
5. Q.Cəbiyevin rəhbəri olduğu Ağsu arxeoloji ekspedisiyası tərəfindən 2010-2014-cü illərdə Orta əsr Ağsu şəhəri yerində 1.5 ha ərazi tədqiq olunmuş, konservasiya edilmiş və orada Azərbaycanda analoqu olmayan müasir dünya standartları səviyyəsində olan arxeoloji-turizm kompleksi yaradılmışdır.
6. 2008-2010-cu illərin tədqiqatları zamanı Q.Cəbiyev tərəfindən Azərbaycanın qədim paytaxt şəhəri olan Qəbələnin Qala adlanan hissəsində ilk dəfə olaraq e.ə. I – bizim eranın I əsrinə aid qala divarının qalıqları və şəhərin baş su xətti aşkara çıxararaq tədqiq olunub.
7. Q.Cəbiyev doktorluq dissertasiyası müdafiə etdikdən sonrakı dövrdə, yəni 2008-2018-ci illərdə Azərbaycanla yanaşı, Misir, İtaliya, İspaniya, Monqolustan, Şotlandiya, Türkiyə və Makedoniyada keçirilən beynəlxalq konfrans və simpoziumlarda Azərbaycan tarixinin müxtəlif problemlərinə dair məruzələrlə çıxış etmiş, həmin tədbirlərin bir qismində panel müzakirələrə rəhbərlik etmişdir.
8. 2008-2017-ci illərdə 38.5 çap vərəqi həcmində olan “Girdiman tarixi”, 28.5 çap vərəqi həcmində olan “Muradxan dəfinəsi”, 34.5 çap vərəqi həcmində olan “Yazılan qalacaq”, 38.8 çap vərəqi həcmində olan ali məktəblər üçün “Azərbaycan tarixi” dərsliyi, 37.25 çap vərəqi həcmində olan “Azərbaycan arxeologiyasının əsasları” adlı dərs vəsaitinin, 28.2 çap vərəqi həcmində olan 3 cildlik “Ağsu şəhəri orta əsrlərdə” kitablarının, hər biri 5 çap vərəqi həcmində olan “Tarix və mədəniyyət abidələrinin mühafizəsi və təbliği” və “Qəbələdə arxeoloji tədqiqatların ən mühüm nəticələri” adlı kitabların, habelə ali məktəblərdə Azərbaycan tarixi fənninin tədrisinə dair Proqramın müəllifidir. Q.Cəbiyev, həmçinin Ulu öndər Heydər Əliyevin həyatı, əməli fəaliyyəti və elmi-nəzəri irsinin öyrənilməsi və təbliğinə dair silsilə məqalələr və Heydər Əliyev irsinin ali məktəblərdə tədrisinə dair Proqram müəllifidir.
9. Q.Cəbiyev 2008-2015-ci illərdə  Azərbaycan Müəllimlər İnstitutunda ictimai əsaslarla İctimai fənlər kafedrasının müdiri vəzifəsini icra edib. 2012-ci ildən azərbaycan və ingilis dillərində nəşr olunan “Miras” elmi-kütləvi jurnalının baş redaktorudur. 
Bunlardan əlavə, Q.Cəbiyev arxeologiya ixtisası üzrə elmi iş üzərində çalışan 4 doktorantın elmi rəhbəridir, hansı ki, onlardan biri artıq müvəffəqiyyətlə dissertasiya müdafiə edibdir.
Q.C.Cəbiyev Azərbaycan Respublikasının Əməkdar jurnalistidir. 2012-ci ildə Türkiyənin Səlcuq Universiteti elmi Şurasının qərarı ilə “Türk dünyasının elm adamı”, “Girdiman tarixi” əsəri isə “Humay” mükafatına layiq görülüb. Azərbaycan tarixi və arxeoloji abidələrinin tədqiqinə həsr olunmuş çoxsaylı qəzet və jurnal məqalələrinin, televiziya və radio verilişlərinin müəllifidir.
Xocalı faciəsi, Girdiman tarixi və Orta əsr Ağsu şəhərinin tarixinə dair bir neçə sənədli filmin, habelə ATV kanalında efirə getmiş olan “Azərbaycan sirrləri” silsilə verilişinin baş məsləhətçisi olub. 2015-ci ildən Azərbaycan Respublikası Prezidenti yanında AAK-ın Tarix və siyasi elmlər üzrə Ekspert şurasının üzvü, 2017-ci ildən isə Ekspert şurası sədrinin müavinidir.
 
Oxunub : 2966