AZE ENG
Facebook
Twitter Google Myspace
MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin müraciəti
24-11-2020

27 sentyabr-10 noyabr 2020-ci il tarixlərində 44 gün davam edən Vətən müharibəsində Azərbaycan Respublikası öz ərazi bütövlüyünü bərpa edərkən Ermənistan Respublikasının ordusu və vətəndaşlarının təcavüzünə məruz qalmışdır. Belə təcavüz hadisələri razılaşmaya əsasən 15 noyabr 2020-ci il tarixində boşaldılmalı olan Azərbaycan Respublikasının Kəlbəcər rayonu ərazisi, onun təbiəti, tarixi yerləri və abidələri, infrastukturu, yaşayış məskənlərində kütləvi hal almışdır.

Kəlbəcər rayonu ərazisinə görə Azərbaycan Respublikasının ən böyük rayonudur. Bu rayon ərazisində heç bir kənddə Qarabağ erməniləri yaşamamışdır. 1993-cü ilin aprel ayında Ermənistan ordusu Kəlbəcər rayonunu işğal etmiş, etnik təmizləmə aparmış, rayonun hamısı azərbaycanlılardan ibarət olan əhalisini tamamilə ərazidən çıxarmışdır. Əhalinin Kəlbəcərdən çıxması üçün 10 saat vaxt verilmiş, evlərini tərk edən məcburi köçkünlər dağlar və meşələrlə piyada hərəkət edərək Azərbaycanın digər bölgələrinə yerləşmişlər. Muzeylərin, inzibati binaların, evlərin əşyalarını, sənədlərini köçürə bilməyən Kəlbəcər rayonu əhalisi son 27 ildə çətin günlər keçirmiş, Azərbaycan Respublikasının hər yerinə dağılmışdır.

Kəlbəcər rayonunun Ermənistan ordusu tərəfindən işğal edilməsi dünya dövlətləri və beynəlxalq təşkilatlar tərəfindən pislənilmiş, qınanmış və işğalçıların rayonu boşaltması üçün sənədlər qəbul edilmişdir. BMT Təhlükəsizlik Şurası 822 saylı qətnamə qəbul edərək Ermənistan ordusunun işğal etdiyi Kəlbəcər rayonundan çıxmasını tələb etmişdir. Bu və digər sənədlərə məhəl qoymayan işğalçı Ermənistan ordusu Kəlbəcər rayonundan çıxmamış, əksinə işğalı davam etdirmişdir. Son 27 ildə Ermənistan Respublikası Kəlbəcər rayonunda ermənilərin məskunlaşmasını təşviq etmiş, Ermənistan, Yaxın Şərq ölkələri, Avropa, Amerika və Avstraliyadan olan çoxlu sayda erməni əhalini qanunsuz olaraq yerləşdirmişdir. Kəlbəcər rayonunun resursları, meşə və su təsərrüfatı, tarixi abidələri, azərbaycanlı əhalinin evləri kobud şəkildə istismar edilmişdir.

Hazırda razılaşmaya əsasən Kəlbəcər rayonu ərazisindən işğalçı Ermənistan Respublikası ordusu çıxmalı, Azərbaycan Respublikası əhalisi öz dədə-baba torpaqlarına qayıtmalıdır. Təəssüf ki, işğalçı Ermənistan ordusu və onun vətəndaşları razılaşmanı provokasiya etməyə çalışır, dünya ictimaiyyətinin gözü qarşısında dağıntılar və yanğınlar törədirlər. Onlar beynəlxalq konvensiya və qərarların tələblərinə əməl etmir, gedərkən daha çox ziyan vurmağa çalışırlar. Kəlbəcərin meşələrində ağaclar sürətlə doğranır və Ermənistana daşınır, əksər yerlərdə meşələr yandırılır. Qəsb etdikləri və azərbaycanlılara məxsus olan evlər sökülür, materialları daşınır, çıxarkən yandırılır. İnfrastruktur dağıdılır, elektrik dirəkləri çıxarılır, naqillər kəsilir, yararsız hala salınır. Məktəblər, ictimai binalar yandırılır, əşyaları daşınır və ya yararsız hala salınır. Apara bilmədikləri ev heyvanlarını kütləvi şəkildə öldürür, başını kəsirlər. Vandalizm hərəkətləri Kəlbəcər rayonunda baş alıb gedir. Əlbəttə bütün vurulan ziyan qiymətləndirilir və gələcəkdə hüquqi müstəvidə tələb ediləcəkdir.

Kəlbəcər rayonu tarixi yerləri və abidələri ilə zəngin bölgədir. Burada Qafqaz Albaniyası tarixinə və mədəniyyətinə aid zəngin mədəni irs müşahidə olunur. Xudavəng və Gəncəsər məbədləri kimi onlarla kilsə və monastır Kəlbəcər rayonu ərazisində yerləşir. Qədim incəsənət nümunələri olan qayaüstü təsvirlərdən müsəlman qəbir abidələrinə qədər çoxsaylı bədii-plastik əsərlər Kəlbəcərin hər yerinə yayılmışdır. Kəlbəcər muzeyi Azərbaycan Respublikasının ən zəngin muzeylərindən olmuşdur. Hazırda Ermənistan Respublikasının ordusu və son 27 ilin qanunsuz sakinləri Azərbaycan Respublikasına və onun xalqına məxsus mədəni irs nümunələrini Ermənistana daşıyır, muzeyləri, kilsə və monastırları boşaldır, onların dəyərli əşya və eksponatlarını ölkədən çıxarırlır. Bu göz görə-görə qaçaqmalçılıqdır.

MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi bütün müvafiq beynəlxalq konvensiya və təlimatları əsas gətirərək dünya mədəni irs ictimaiyyətini, bəşəriyyəti, UNESCO, ISESCO, ICOM, ICOMOS, ICCROM, YOCOCU kimi beynəlxalq təşkilatları bu vandalizm aktlarını pisləməyə və durdurmağa, mədəni irsin qaçaqmalçılığının Ermənistan üzünü açmağa, ümumdünya irsinə vurulan ziyanı birlikdə qiymətləndirməyə, Azərbaycan Respublikasından oğurlanan, qəsb edilən mədəni irs əsərlərini geri qaytarmağa dəstək verməyə çağırır. Bu gün birlikdə qınamasaq, vandalizm aktlarını dayandırmasaq, gələcəkdə oxşar hadisələrin qarşısını almaq mümkün olmayacaqdır.

 

Hörmətlə,

Şəhla Xəlilli

“Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi İdarə Heyətinin sədri

Oxunub : 3689