AZE ENG
Facebook
Twitter Google Myspace
“Miras” İctimai Birliyinin üzvləri Çıraqlı nekropolunu ziyarət ediblər
13-4-2022

“Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi İdarə Heyəti sədrinin müavini Dr. Günel Seyidəhmədli, İdarə Heyətinin üzvü Dr. Həbibə Əliyeva Çıraqlı daş heykəllərinin aşkar olunduğu nekropolun vəziyyətini öyrənmək və yerüstü son orta əsr qəbir abidələrini tədqiq etmək məqsədi ilə Şamaxı rayonunun Çıraqlı kəndinə səfər ediblər.

Əvvəlcə, Azərbaycan arxeoloqları Aləm Nuriyev və Şirzad Əhmədov tərəfindən arxeoloji tədqiqat aparılan, ilk orta əsrlərə aid edilən, daş heykəlləri Azərbaycanın qədim heykəltəraşlıq sənətinin əsas hissəsini təşkil edən və Pirsaat çayının qərb kənarında yerləşən qədim Çıraqlı nekropolu ziyarət olunub. Çıraqlı daş heykəlləri Şamaxı Tarix Diyarşünaslıq Muzeyi, Milli Azərbaycan Tarixi Muzeyi, Milli Azərbaycan İncəsənəti Muzeyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, "Qala" Dövlət Tarix-Etnoqrafiya qoruğu, Daş Salnamə Muzeyi kimi ölkəmizin əsas muzeylərində nümayiş olunur. 

Çıraqlı kənd sakinləri nekropolun yeri ilə tədqiqatçıları tanış ediblər. Yerüstü baxış zamanı ərazidə ilk orta əsrlərə aid çoxlu sayda saxsı qab hissələri müşahidə edilib. Yağış suları nəticəsində üzə çıxan daş heykəlin baş hissəsi kənd sakinləri tərəfindən tədqiqatçılara göstərilib. Həmin heykəl parçasını yerindəcə aktlaşdırılıb və Milli Azərbaycan Tarixi Muzeyinə təhvil verilməsi üçün götürülüb. 

Yerüstü baxış zamanı kəndin yaxınlığında başqa bir daş heykəl hissəsi müəyyən edilib. Həmin daş heykəlin baş hissəsi qırılıb. Bir əli ürəyinin üzərində, digər əli kəmərində olan insanın təsvir olunduğu daş heykəl atılmış vəziyyətdə olub. Daş heykəlin fotoları çəkilib, qeydə alınıb və olduğu yerdə saxlanılıb. Kənd sakinlərinə gələcəkdə muzeylərin birinə təhvil verilməsi üçün mühafizə etmələri barədə təlimat verilib.

Çıraqlı yaşayış yeri (inv. 1356) və onun nekropolu (inv. 1357) dövlət tərəfindən qorunur. Müşahidələr həmin abidələrin mühafizə zonasının tezliklə müəyyən edilməsi və onların abidə olduğunu bildirən göstərici nişanların qoyulmasının vacibliyini göstərir. Azərbaycanın yeraltı daş heykəl muzeyi kimi adlanıra biləcəyimiz Çıraqlı abidəsinin öyrənilməsinə, heykəllərin in situ mühafizəsinə və arxeoloji parkın yaradılmasına ehtiyac var.

 
Oxunub : 1990