17 aprel 2022-ci il tarixində "Nur Art House"-da Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunu, "Miras" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin üzvü, "Orta əsr Ağsu şəhəri" Dövlət Tarix-Mədəniyyət Qoruğunun əməkdaşı, sənətşünas Səma Alməmmədlinin təşkilatçılığı ilə mərhəmət, sevgi, qoruyucu mələk mövzusunda "Sevil - səmaya dönüşən təcəssüm" adlı sərgisinin açılışı olub. Əsasən gənc rəssamların əsərlərindən ibarət olan sərgidə məşhur xalq rəssamı Mayis Ağabəyovun rəsm əsəri və görkəmli heykəltəraş Sahib Quliyevin heykəltəraşlıq əsəri də nümayiş olunub. Ümumilikdə sərgidə 20-yə yaxın rəngkarlıq əsəri, qrafika, heykəltəraşlıq və təzhib nümunələri sərgilənib.
Sərginin açılışında "Nur Art" qalereyasının rəhbəri, sənətşünaslıq üzrə elmlər doktoru Röya Tağıyeva, "Miras" İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli, "Miras" İctimai Birliyinin sədr müavini, ADMİU-nun baş müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Günel Seyidəhmədli və "Miras" İctimai Birliyi İdarə heyətinin üzvü, gənc heykəltəraş Vüqar Quliyev çıxış edərək sərginin konseptindən, gənclərin sərgidəki fəal iştirakından və bu cür ictimai fəaliyyətlərdə gənclər arasında formalaşan kommunikasiyanın əhəmiyyətindən danışdılar. Sərgi üç gün davam edib. Sərginin sonunda hər bir iştirakçı sertifikatla təltif olunub.
|