AZE ENG
Facebook
Twitter Google Myspace
"Şuşanın tarixi-mədəni irsinin tədqiqi və təbliği" layihəsi çərçivəsində Avropa şəhərlərinə araşdırma səfəri yekunlaşıb
28-9-2022

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “Şuşa İli”nə həsr olunmuş xüsusi müsabiqəsinin qalibi olan "Miras" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi "Şuşanın tarixi-mədəni irsinin tədqiqi və təbliği" layihəsi çərçivəsində tarix üzrə fəlsəfə doktoru Fariz Xəlillini fəaliyyət planına uyğun olaraq Tbilisi, Budapeşt, Berlin, Paris, Roma və Venesiya şəhərlərinə ezam edib. Fariz Xəlilli həmin şəhərlərə Şuşa şəhəri və ətrafının arxeoloji, etnoqrafik, paleoqrafik, numizmatik baxımdan araşdırılması və akademik çevrələrdə mədəni irsin təbliği məqsədilə 28 avqust-23 sentyabr tarixlərində səfər edib.

Fariz Xəlilli Tbilisi şəhərində Qafqaz İrsini Araşdırma İnstitutunun prezidenti Elnur Əliyev ilə görüşüb, Şuşanın tarixi-mədəni irsinin tədqiqi və təbliği istiqamətində birgə əməkdaşlıq müzakirə olunub. Fariz Xəlilli Gürcüstan Milli Arxivinin direktoru Teona İaşvili ilə görüş keçirib, Gürcüstan arxivlərində tədqiqat aparmaq, Şuşa və Qarabağın tarixi, mədəniyyəti ilə bağlı konfrans və simpoziumlarda məruzələr etmək, məqalələr nəşr etmək üçün əməkdaşlıq məsələlərini müzakirə edib. Fariz Xəlilli Tarix, Kino-Foto və digər arxivlərdə araşdırmalara başlayıb. O, Gürcüstan Milli Muzeyinin fond və arxivlərindən istifadə etmək üçün müraciət edib, Şərq kolleksiyaları üzrə kurator İrina Koşoridze ilə görüşüb. Muzeyin Arxeologiya, Etnoqrafiya, Numizmatika fondlarında inventar kitabları üzrə araşdırmalara başlanılıb. Fariz Xəlilli Tbilisidə Azərbaycan Respublikasının səfiri Faiq Quliyev və Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Mərkəzinin direktoru Leyla Əliyeva ilə görüş keçirib, Beşinci Beynəlxalq Həmzə Nigari Simpoziumunun materialları kitabının bir nüsxəsini səfirliyə və mərkəzə bağışlayıb. Fariz Xəlilli muzeyin ekspozisiyası ilə tanış olub, qeydlər götürüb. Səfər çərçivəsində Fariz Xəlilli David Qareci monastrı ilə tanış olub, abidənin vəziyyəti və oradakı epiqrafik nümunələr, o cümlədən uyğur yazıları ilə bağlı fikir mübadiləsi aparıb.

Fariz Xəlilli Budapeştdə Avropa Arxeoloqları Asossiasiyasının 28-ci illik toplantısının açılış mərasimində iştirak edib. Fariz Xəlilli ICOMOS-un Mədəni İrs Sahələrinin Təqdimatı və Şərhi üzrə beynəlxalq elmi komitənin üzvü olan professor Con Ceymson tərəfindən təşkil edilən "Arxeoloji irsin sənətşünaslıq baxımından şərhi" bölməsində "Xanəgah arxeologiyası" mövzusunda məruzə edib. Qarabağın Qaraağac və Qarapirimli xanəgahlarını da əhatə edən məruzə maraqla qarşılanıb, bölmənin materiallarında nəşri məsləhət görülüb. Bununla yanaşı, Qafqaz arxeologiyası ilə bağlı gənc alimlərdən ibarət qrupun təşkil etdiyi bölmənin məruzələrini dinləyib. Avropa Arxeoloqları Asossiasiyasının nəşri olan TEA "Avropalı arxeoloq" jurnalının redaktorları Samanta Skott Reyter və Matteo Valş ilə görüşən Fariz Xəlilli "Kəlbəcər hesabatı"nın və "İrəvanın Təpəbaşı məhəlləsinin dağıdılmasının qarşısının alınması" ilə bağlı Azərbaycanın çağırışlarını əks etdirən xəbərlərin nəşrini müzakirə edib. Macarıstan Milli Kitabxanasında olan Fariz Xəlilli əvvəlcə kitabxanaya Beşinci Beynəlxalq Həmzə Nigari Simpoziumunun materialları kitabını hədiyyə edib. Sonra kitabxananın zəngin kitab fondu ilə tanış olub, Azərbaycan və Qafqaz haqqında kitablar, toplu və jurnallardan çıxarışlar edib. Fariz Xəlilli Budapeştdə yerləşən və sufi mütəfəkkirlərindən biri olan Gül Babanın türbəsini ziyarət edib. Türbənin həyətində yaradılmış muzeyin ekspozisiyası ilə tanış olub, ekspozisiyanı əks etdirən çox sayda fotolar çəkib. Daha sonra Buda qalası ziyarət olunub, oradakı Buda valisi Əbdurrahman paşanın şəhid olduğu yerdəki xatirə abidəsinə baş çəkilib.

Fariz Xəlilli Berlin Muzeylər adasının Qafqaz materialları qorunan və nümayiş olunan Perqamon muzeyi, Tarixöncəsi və Qədim Əsərlər Muzeyinin ekspozisiyası ilə tanış olub, muzey fondları ilə bağlı sorğular verib. Mütəxəssis təsdiq edib ki, Azərbaycandan aşkar edilən və adı çəkilən muzeyə verilən tunc dövrü materialları əsasən Gəncə qəzası bölgəsindən aşkar edilib. Fariz Xəlilli Paris yaxınlığındakı Azərbaycan materiallarının yerləşdiyi Sen-Jermen muzeyinin ekspozisiyası ilə tanış olub. Fondlarda işləmək üçün müraciət edib. Fariz Xəlilli Berlin Dövlət Kitabxanasının iki mərkəzində və Paris Milli Kitabxanasının Fransua Mitteran Fondunda araşdırma aparıb. O, Şuşa, Qarabağ və erməni məsələsi ilə bağlı çoxsaylı kitabları yerindəcə incələyib, onların surətlərini çıxarıb. Bununla yanaşı, fondda olan kitabların və məqalələrin siyahısını tərtib edib.   Gələcəkdə bu istiqamətdə tədqiqatın dərinləşdirilməsi nəzərdə tutulur.

Fariz Xəlilli Romada YOCOCU Beynəlxalq Asossiasiyasının prezidenti Dr. Andrea Macchia ilə görüşüb. Şuşa Simpoziumunun Elmi Komitəsinə dsətək verdiyi üçün ona minnətdarlıq edib, onun Simpoziumun işinin təşkilinə qoşulması razılaşdırılıb. Daha sonra Fariz Xəlilli YOCOCU Asossiasiyasının analitik araşdırma mərkəzi ilə tanış olub. Ona yeni avadanlıqlar haqqında məlumat verilib, qəbirdən götürülmüş insan kəllələrinin konservasiyası haqqında nümunələr göstərilib. Müharibə sonrası dövrdə analitik araşdırmaların aparılması və YOCOCU-nun Qaranlıq irs araşdırmalarına dəstək verə biləcəyi qeyd edilib. Bərpaçı-memar Angelo Brogginin təşəbbüsü ilə Roma şəhərində Dominikan ordeninin binasının bərpası və orada aparılan arxeoloji qazıntılara baxış keçirilib. Şuşa şəhərində yaşayış və inzibati binaların bərpası konsepsiyası, həmin binalarda və ətrafında arxeoloji tədqqiatların aparılması perspektivi barədə fikir mübadiləsi aparılıb. Vatikan kitabxanası ilə araşdırmaların aparılması məqsədilə yazışmalar başladılıb. Fariz Xəlilli roma şəhərində İtaliya Mədəniyyət Nazirliyinin binasında nazirliyin əməkdaşı Valeriya Akkonsianın moderatorluğu ilə mədəni irsin idarə olunması ilə bağlı təlimə qatılıb. Təlim proqram üzrə Peskara şəhərində Qabriel d'Annunzio Universitetində və Forli şəhərində SERINAR təşkilatının konfrans mərkində davam etdirilib. Fariz Xəlilli Venesiyada Korrer muzeyi, Arxeologiya muzeyi və Venesiya kitabxanasını ziyarət edib. Muzeylərdəki şərq əsərləri üzrə qeydiyyat aparılıb və fotoları çəkilib. Korrer muzeyində 1457-1459-cu illərdə Fra Mauronun hazırladığı və Qarabağ dağlarının təsvir olunduğu xəritə ilə tanış olub, xəritənin keyfiyyətli fotoları çəkilib. Fariz Xəlilli Venesiya IUAV (Venesiya Memarlıq Universitet İnstitutu) Univeristetində şəhər planlaşdırması üzrə professor Domeniko Patassini və Ko Foskari Univeristetində ermənişünaslıq üzrə professor Aldo Ferrari ilə görüşüb. Venesiyada saxlanılan əlyazmalar və onlara əlçatanlıq məsələsi, xristian türklər və onların yazılı irsi haqqında müzakirələr aparılıb. Fariz Xəlilli Şuşa məscidləri üzrə bərpa konsepsiyası hazırlayan professor Luigi Skrinzi ilə görüşərək, araşdırmalar üçün onun fikirlərini də qeyd edib. Bununla yanaşı, Fariz Xəlilli Milan mərkəzi vasitəsilə Şuşada 1822-1835-ci illərdə fəaliyyət göstərən və Şuşanı Qafqaz üzrə missionerlik fəaliyyəti mərkəzi halına gətirən Bazel missiyasının hazırki rəhbərlərindən Pastor Gizin ilə əlaqə saxlayıb.

Fariz Xəlillinin araşdırmanın nəticəsi olaraq oktyabr ayının sonunda elmi seminarlarının keçirilməsi planlaşdırılır.

Oxunub : 2652