AZE ENG
Facebook
Twitter Google Myspace
Şuşa şəhərində tarixi binaların kitabələri öyrənilir
4-10-2022

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “Şuşa İli”nə həsr olunmuş xüsusi müsabiqəsinin qalibi olan "Miras" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi "Şuşanın tarixi-mədəni irsinin tədqiqi və təbliği" layihəsi çərçivəsində layihənin ekspertləri - tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli, tarix üzrə fəlsəfə doktoru Həbibə Əliyeva, sənətşünaslıq üzrə fəlsəfə doktoru Günel Seyidəhmədli və Şəhla Xəlillini fəaliyyət planına uyğun olaraq Şuşa şəhərinə ezam edib. Səfərin məqsədi Şuşa şəhərində tarixi binaların üzərindəki kitabələrin estampını çıxarmaq, onları kataloqlaşdırmaq və oxunmasını təmin etməkdir.

Səfər müddətində İkimərtəbəli karvasaranın üzərindəki dörd kitabə, Əsəd bəyin evinin üzərindəki iki kitabə, Uğurlu bəyin evinin üzərindəki bir kitabə, Hacıqulların malikanəsi üzərindəki iki kitabə, Şirin bəyin evi üzərindəki bir kitabə, Bülbülün evinin üzərindəki iki kitabə və Seyidli məscidinin yanındakı binanın üzərindəki bir kitabənin, cəmi on üç kitabənin estampı çıxarılmışdır. Bu kitabələrin oxunması və əvvəlki oxunmalarla müqayisəsi Şuşanın tarixi və mədəniyyətinin öyrənilməsinə yeni izahlar gətirəcəkdir. 
Layihə çərçivəsində Şuşa şəhərinə yeni etnoqrafik və epiqrafik tədqiqat səfərləri nəzərdə tutulur.
 
Oxunub : 2104