17-19 may tarixlərində Ağdam rayonu Quzanlı qəsəbəsində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı, “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Türkiyə Cümhuriyyəti Amasiya Universiteti və Ağdam rayonu İcra hakimiyyətinin təşkilatçılığı ilə 2022-ci il Şuşa ilinə həsr edilən Beşinci Beynəlxalq “Həmzə Nigari” Simpoziumu keçirilib.
Simpoziumun açılış mərasimində Azərbaycan Respublikası Milli Məclisi Mədəniyyət Komitəsinin sədri, Millət vəkili Dr. Qənirə Paşayeva, Ağdam rayonu İcra hakimiyyətinin başçısı Vaqif Həsənov, AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun direktoru Prof.Dr. Abbas Seyidov, AMEA Albanşünaslıq Mərkəzinin rəhbəri Prof.Dr. Qafar Cəbiyev, Amasiya Azərbaycan Türkləri Kültür və Sanat Həmrəylik Dərnəyinin üzvləri, İran Aşıqlar birliyinin üzvləri, Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti aparatı İnformasiya bölməsi, A.A.Bakıxanov adına Tarix İnstitutu, Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu, Nəsimi adına Dilçilik İnstitutu, Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu, Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu, Fəlsəfə və Sosiologiya İnstitutu, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, Memarlıq və İncəsənət İnstitutu, Milli Azərbaycan Tarixi Muzeyi, Azərbaycan Milli Xalça Muzeyi, Bakı Dövlət Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti və onun, Ağcabədi və Şamaxı filialları, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Tibb Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Turizm və Menecment Univeristeti, Bakı Slavyan Universiteti, Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı, Sumqayıt Dövlət Universiteti, Gəncə Dövlət Universiteti, Türkiyə Cümhuriyyəti Amasiya Universiteti, Diclə Universiteti, Uludağ Universiteti, Kayseri Fatma-Mustafa Hasçalık Məktəbi, M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası, “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi, Azərbaycan Yazıçılar Birliyi, "CARÇI Express" jurnalı, Şirvan şəhəri 16 №-li tam orta məktəbdən olan alim və tədqqiatçılar, Ağdam rayonunun ziyalıları, Həmzə Nigari nəslinin nümayəndələri, ardıcılları iştirak ediblər. İştirakçılar əvvəlcə Ağdam şəhərində Ümummilli Lider Heydər Əliyevin xatirə-abidəsini və Şəhidlər xiyabanını ziyarət ediblər.
Açılış mərasimində əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib. Şəhidlərimizin və Həmzə Nigarinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi İdarə Heyətinin üzvü, layihənin rəhbəri Şəhla Xəlilli açaraq, Simpoziumun Elmi və Təşkilat Komitəsi adından iştirakçıları salamlayıb, simpozium haqqında qısa məlumat verib. O bildirib ki, Amasiya (2012), Bakı-Qazax (2014), Şamaxı (2017), Amasiya-Merzifon-Suluova (2018) şəhərlərində baş tutan Beynəlxalq Həmzə Nigari Simpoziumunun beşincisinin Ağdam rayonunun Quzanlı qəsəbəsi və Qarapirimli kəndində keçirilməsi mühüm və mənalı hadisədir. O, gələn Simpoziumun Qarabağ həsrətli şairin, övliyanın doğulub boya-başa çatdığl Laçın rayonu Cicimli kəndində keçirilməsini arzulayıb.
Azərbaycan Respublikası Milli Məclisi Mədəniyyət Komitəsinin sədri, Millət vəkili Dr. Qənirə Paşayeva Azərbaycanın islam və sufizm tarixindən danışıb, Həmzə Nigarinin övliya və şair şəxsiyyətindən bəhs edib, onun Qarabağa bağlılığının Qarabağ həsrətli şeirlərindən göründüyünü deyib, əsərlərinin Qafqaz və Anadoluda geniş yayıldığını, Türkiyənin Amasiya şəhərində azərbaycanlıların həmrəyliyində onun himmətinin olmasını, müəllimi İsmayıl Şirvani ilə bir məkanda uyumasının örnək irs nümunəsi olmasını vurğulayıb. Simpoziumun Həmzə Nigarinin yetişdiyi Qarapirimli kəndində də təşkil edilməsinə diqqət çəkərək, Həmzə Nigari irsini araşdıranlara və təbliğ edənlərə minnətdalıq edib. O, Qarapirimli ocağının öyrənilməsi və tarix-mədəniyyət abidəsi kimi bərpa edilməsinin əhəmiyyətindən danışıb.
Ağdam rayonu İcra hakimiyyətinin başçısı Vaqif Həsənov bildirib ki, Qarabağda dünyaya göz açan və bütün Şərqə öz ədəbi fəlsəfi yaradıcılığı ilə nur saçan, Qarabağı sevgisini tərənnüm edən Seyid Mir Həmzə Nigariyə həsr olunan Beşinci Beynəlxalq Elmi Simpozium məhz Ağdamda Quzanlı qəsəbəsində keçirilməsinə ev sahibliyi etməkdən çox məmnunuq. "Qarabağ qara bağrımdır" deyən və Qarabağın həsrəti, nisgili ilə alışıb yanan bir şairin, bir övliyanın da ruhu yəqin ki, bu gün çox rahat olduğunu vurğulayıb. Çünki, onun doğulduğu Laçın rayonunun Cicimli kəndi, dərs aldığı Ağdam rayonunun Qarapirimli kəndi, ədəbi məclislərinə qatıldığı Şuşa şəhəri, qohumlarının, əzizlərinin yaşadığı Qubadlı rayonunun Mirlər kəndi Müzəffər Ali Baş Komandanımızın və Azərbaycan ordusunun qəhrəmanlığı sayəsində artıq azaddır.
Sonra Amasiya Universitetinin rektoru Prof.Dr. Süleyman Elmacı, AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun direktoru Prof.Dr. Abbas Seyidov, Laçın rayonu Cicimli kəndi ziyalısı Prof.Dr. Şikar Qasımov, Həmzə Nigarinin qohumları adından Xəyalə Həmidova, Amasiya Azərbaycan Türkləri Kültür və Sanat Dayanışma Dərnəyi adından Muttalip Ulutanrıverdi çıxış ediblər.
AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnsitutu Albanşünaslıq Elmi Mərkəzinin rəhbəri Prof.Dr. Qafar Cəbiyev "Qarabağ - qədim insanın təşəkkülü və mədəniyyətlərin təkamülü diyarı", AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun aparıcı elmi işçisi Dos.Dr. Nəzakət Məmmədli "Mir Həmzə Nigarinin eşq fəlsəfəsi", Türkiyə Cümhuriyyəti Amasya Universiteti Fənn-Ədəbiyyat fakultəsinin müəllimi Dos.Dr. Metin Hakverdioğlu "Müctəhid-zadə Mehmet Ağa (Müştəri) Divanında Qarabağ şeirləri", “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri Dr. Fariz Xəlilli "Qarabağ və Şərqi Zəngəzur irsini sənədləşdirmə məsələləri" mövzusunda açılış məruzələri ediblər.
Simpoziumun bədii hissəsi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi Dr. Günel Seyidəhmədli tərəfindən hazırlanıb. Bəddi hissədə əvvəlcə Həmzə Nigari nəslinin nümayəndəsi, bəstəkar, əməkdar incəsənət xadimi Nazim Paşa Quliyevin bəstəsi olan “Laçın şikəstəsi - Nigari” əsəri dinlənilib. İlk dəfə Ağdamda təqdim olunan şikəstəni ADMİU-nun “Musiqi sənəti” fakültəsinin "Xalq çalğı alətləri ifaçılığı" kafedrasının orkestri ifa edib. Bədii rəhbər və dirijor Respublika və Beynəlxalq müsabiqələr laureatı Mustafa Aşurov, solistlər Azərbaycan Respublikasının Əməkdar artistləri Zakir Əliyev və Nuriyyə Hüseynova Laçın şikəstəsi ilə yanaşı, Emin Sabitoğlunun “Dədə Qorqud” suitası və Üzeyir Hacıbəylinin “Çırpınırdın Qara dəniz” (orkestr üçün işləyəni Mustafa Aşurov) əsərini ifa ediblər. ADMİU-nun “Teatr sənəti” fakültəsinin “Dram rejissorluğu və səhnə plastikası” kafedrasının rəqs qrupu Ofeliya Zeynalovanın bədii rəhbərliyində "Cəngi", “Çırpınırdın Qara dəniz”, "Qarabağ yallısı" rəqsləri təqdim edib. ADMİU-nun muğam triosu (Solist: Rəvan Qaçayev. Müşayət edirlər: tarda Emil Mirzəyev, kamançada Fərrux Haşımlı) "Qarabağ şikəstəsi"ni, Bəhruz Aslanovun bədii rəhbərliyində Ağdam Musiqi kollecinin “Qarabağ” İnstrumental ansamblının "Əql yar musiqi kompozisiyası"nı, respublika üzrə bədii qiraət müsabiqəsinin laureatları Fərid Bağırov və Ağaəli Kərimzadə Həmzə Nigarinin "Ğəzəli meraci" və "Ğəzəli şükri", Elnur İsmayılov "Aşiq oldum gene taze", Muharrem Yenigün isə "Haqqam" şeirlərini, Qazax rayonu Aslanbəyli kəndindən Məzahir Yaqubov Həmzə Nigari Divanından seçmələri, Amasiya İl Kültür müdiri Osman Akbaş özünün bəstələdiyi Həmzə Nigari ilahilərini, İran Aşıqlar Birliyinin folklor qrupu (qrup rəhbəri, ustad Aşıq Səlcuq Şahbazi) Qarabağa həsr olunan aşıq havalarını ifa ediblər.
Mayın 18-də Simpozium Quzanlı qəsəbəsi Heydər Əliyev Mərkəzində iki zalda dörd bölmədə öz işini davam etdirib. Simpoziumda Azərbaycan, Türkiyə, İtaliya, İran, Rusiya, Qazaxıstan, Özbəkistan, Şimali Makedoniya kimi ölkələrdən 200-dən çox alim və tədqiqatçının Həmzə Nigari araşdırmaları, İsmayıl Şirvani araşdırmaları, Nəqşibəndilik araşdırmaları, Xəlvətilik araşdırmaları, Sufizm araşdırmaları, İslam araşdırmaları, Türk dünyası araşdırmaları, Qafqaz araşdırmaları, Qarabağ araşdırmaları, Şuşa şəhəri araşdırmaları, Bərpa və konservasiya araşdırmaları, Ədəbiyyat araşdırmaları, Sənətşünaslıq araşdırmaları kimi mövzularda məruzələri dinlənilib. Simpozium günlərində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və Azərbaycan Dövlət İqtisad Univeristetinin tələbələrinin Qarabağa və Həmzə Nigariyə həsr etdiyi rəsm və dekorativ işlərinin sərgisi nümayiş olunub.
Mayın 19-da Simpozium iştirakçıları işğaldan azad olunmuş Ağdam şəhəri və Ağdam rayonunun kəndlərində tarix-mədəniyyət abidələrini, o cümlədən Qarapirimli kəndindəki Qarapirimli xanəgahı və Nigar nənə türbəsini ziyarət ediblər.
“Beşinci Beynəlxalq Həmzə Nigari Simpoziumunun keçirilməsi” layihəsi “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilir. |