PİCASP layihəsi çərçivəsində MİRAS İctimai Birliyinin cari il üzrə Tədbirlər Planına əsasən 10 aprel 2023-cü il tarixində Azərbaycan Turizm və Menecment Universitetində bakalavr və magistr pilləsi üzrə təhsil alan 20-dən çox tələbənin və müəllimlərin iştirakı ilə “Arxeoloji irsin qorunmasının təşkili” mövzusunda seminar təşkil edilmişdir. Tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli (Layihənin milli tərəfdaş qismində MİRAS İctimai Birliyi üzrə inzibati rəhbəri) arxeoloji tədqiqatların aparılması, tapılan daşınar və daşınmaz arxeooji tapıntıların qorunması və saxlanması, ölkə daxilində və xaricdə təşkil olunan arxeoloji sərgilər, arxeoloji muzeyləşdirmə, ölçü işlərinin aparılması, konservasiya məsələləri, beynəlxalq təcrübə və s. barədə məruzə etmişdir. Seminarda həmçinin “Orta Əsr Ağsu Şəhəri” arxeoloji turizm kompleksinin nümunəsində arxeoloji irsin qorunmasının müxtəlif aspektləri müzakirə edilmiş, arxeoloji irsin qorunması istiqamətində MİRAS tərəfindən həyata keçirilən maarifləndirici layihələr (tanışlıq turları, arxeologiya düşərgələri, məktəblilər üçün yay arxeoməktəbi və s.) barədə məlumat verilmişdir.
Qeyd edək ki, MİRAS-PİCASP seminarlarının məqsədi Xəzər bölgəsində mədəni irs, arxeologiya, muzeylər, turizm sahəsində universitet-müəssisə əməkdaşlığına zəmin hazırlamaqdır. Seminarların proqramı PİCASP Layihəsi çərçivəsində MİRAS expertləri tərəfindən hazırlanmışdır. 2021-ci ildən etibarən MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi Avropa Komissiyasının ERASMUS+ Proqramı çərçivəsində maliyyələşdirilən PİCASP (“Xəzər bölgəsinin inkişafında universitet-müəssisə əməkdaşlığını həyata keçirmək üçün istehsalat müəssisələri üzrə pilot kurslar”) layihəsinin tərəfdaşıdır. Layihənin əsas məqsədi yeni öyrənmə vasitəsi olan açıq ödənişsiz onlayn kursların (MOOCs) tətbiqi ilə nəzəriyyə və təcrübəni birləşdirən pilot kurslar əsasında kiçik və orta biznes sahəsində müəllimlərin kompetensiyalarının artırılması, yeni metodologiya və tədris vasitələrinin təqdim olunması, mədəni irsin qorunması sahəsində kadr hazırlığı səviyyəsinin yüksəldilməsi, xüsusilə ali təhsil sahəsində potensialın gücləndirilməsindən ibarətdir. Bu məqsədlə il ərzində MİRAS İctimai Birliyi tərəfindən bir sıra ali təhsil müəssisələrinin müəllim və tələbə heyətlərinin iştirakı ilə seminarlar, tanışlıq turları, təlimlər və ekspedisiyaların təşkili planlaşdırılır.
|