AZE ENG
Facebook
Twitter Google Myspace
"Dünya yaddaşı - əlyazma kolleksiyalarının virtual təqdimatının təşkili, kataloqların hazırlanması" layihəsi həyata keçirilir
20-7-2023

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2023-cü il kiçik qrant müsabiqəsinin qalib layihələrindən biri "Miras" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin "Dünya yaddaşı - əlyazma kolleksiyalarının virtual təqdimatının təşkili, kataloqların hazırlanması" layihəsinin həyata keçirilməsinə 2023-cü ilin iyul ayının 1-dən başlanılıb. Bu məqsədlə layihənin rəhbəri "Miras" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli layihədə nəzərdə tutulan dörd kolleksiyanın sahibləri ilə danışıqlar aparıb və inventarlaşdırma üçün nüsxələrin seçilməsi işinə başlayıb. Layihənin könüllüləri "Miras" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinə həm texniki, həm də akademik dəstək verir. "Miras" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi elyazma.az domenini alıb və virtual təqdimat üçün internet səhifənin yaradılmasına başlayıb. Saytın yaradılması işi bu sahədə tanınmış şirkətlərdən olan "IMAGE" MMC tərəfindən həyata keçirilir. Layihə çərçivəsində əlyazma üzrə mütəxəssis, AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnsitutunun böyük elmi işçisi Şəhla Xəlilli layihə üçün istifadə edilən əlyazmaların elektron kataloqunu hazırlayır.

 

 

 

Məlumat üçün bildirək ki, layihənin əsas məqsədi birinci mərhələdə dörd əlyazma kolleksiyasına daxil olan orijinal əlyazmaların pdf. məhsullarının virtual təqdimatını təşkil etmək, bu əlyazmaların yerləşdiyi kolleksiyaların təqdimatına və cəmiyyətə açıq, əlçatanlılığına nail olmaqdır. Layihə elmi araşdırmalar aparan yerli və xarici alimlərin, fiziki və hüquqi şəxslərin dövriyyədən kənarda qalan Azərbaycan əlyazma irsini öyrənməsinə imkan verəcək. Layihənin qarşıya qoyulmuş əsas vəzifələri dörd kolleksiyanın nüsxələrini virtual təqdimat mərkəzi üçün inventarlaşdırmaq, mobil əlyazma skaneri vasitəsilə nüsxələrin köçürülməsinə başlamaq, virtual təqdimat mərkəzini formalaşdırmaq, əlyazmaların ərəb, fars və türk dillərində elektron kataloqunu hazırlamaq, əlyazmaların pdf. formatda nüsxələrinin yayılmasını təşkil etməkdən ibarətdir.

 

 

Oxunub : 2345