AZE ENG
Facebook
Twitter Google Myspace
Bosniya və Hersoqovinada I Beynəlxalq Türk dili və Ədəbiyyatı konfransı keçirilmişdir
23-5-2013

17-19 may 2013-cü il tarixində Bosniya və Hersoqovina Federasiyasının Sarayevo şəhərində Beynəlxalq Bürc Universitetinin təşkilatçılığı ilə I Beynəlxalq Türk dili və Ədəbiyyatı konfransı keçirilmişdir.
Konfransın məqsədi türk dili, ədəbiyyatı, tarixi və mədəniyyəti ilə bağlı aparılan araşdırma və tədqiqatlara yardım etmək olub, bu mənada türk mədəniyyətinin izlərini daşıyan Sarayevo şəhərində konfransın keçirilməsi xüsusi önəm daşıyır. Belə ki, Sarayevo şəhəri Avropa və Asiya arasında körpü olmaqla yanaşı, Şərq və Qərb dillərinin, ədəbiyyatının və mədəniyyətinin ən əsas təmas nöqtəsidir.
Konfransa 14 ölkədən - Bosniya və Hersoqovina, Azərbaycan, Albaniya, Ukrayna, Qazaxıstan, Gürcüstan, Qırğızıstan, Əfqanıstan, Makedoniya, Sloveniya, Serbiya, Türkiyə, Şimali Kipr və İraqdan 351 iştirakçı qatılmış, 309 elmi iş və tədqiqat haqqında məruzələr edilmişdir.
Azərbaycandan çox sayda tezis göndərilsə də iştirak etmək istəyən alimlər Bosniya və Hersoqovina Federasiyasının Azərbaycanda konsulluğu olmadığı üçün çətinliklə qarşılaşmışlar. Konfransda Azərbaycandan AMEA Nəsimi adına Dilçilik İnstitutunun elmi işçisi Kübra Quliyevanın “Azərbaycan dili və çağdaş tatar dilində istifadə olunan bəzi qədim türk köklü sözlərin dilçilik və etnogenez baxımından açıqlanması”, Naxçıvan Dövlət Universitetinin professoru Nəzakət İsmayılovanın “Türk tarixində Qazi Bürhanəddin yaradıcılığından araşdırmalar”, AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunun elmi işçisi Şəhla Xəlillinin “Bosnalı Əlaəddin Sabit” və digər iştirakçıların məruzələri dinlənilmişdir.
Konfransın yekun iclasında Azərbaycan nümayəndə heyəti adından MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri Fariz Xəlilli çıxış etmiş, konfransın türkdilli ölkələrin dil, ədəbiyyat və mədəniyyət məsələlərini araşdıran alimləri daha da yaxınlaşdırdığını, gələcəkdə yeni araşdırmaların aparılmasına əsas verdiyini diqqətə çatdırmışdır.
Bosniya və Hersoqovinanın tanınmış musiqi qruplarından olan Fateh Sultan Mehmet xoru ansanblının konserti ilə konfrans yekunlaşmışdır.
İştirakçılar Sarayevo, Konjic və Mostar şəhərlərində tarixi memarlıq abidələri ilə tanış olmuşlar.

Oxunub : 3369