AZE ENG
Facebook
Twitter Google Myspace
MİRAS Antik Foto Bərpa Təlimindən Faydalanır
21-11-2013

2013-cü ilin 19-21 noyabr tarixlərində Misirin paytaxtı Qahirə şəhərində Qahirə Universitetinin Arxeologiya Fakültəsinin Konservasiya Şöbəsi və İtaliyanın Katania Universitetinin Kimya Elmləri Şöbəsinin işçi-elmi heyətinin birgə əməkdaşlığı əsasında “antik fotoların konservasiya-bərpası” üzrə seminar və təlim keçirilmişdir. “MİRAS” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai üzvləri Elnur Əliyev və Zəka Babazadə təlimdə iştirak etmək üçün dəvət olunmuşlar. Təlimin açılış mərasimi 19 noyabrda Misir Uşaq Muzeyinin elmi zalında baş tutmuşdur. Təlimləri Konservasiya Şöbəsinin professoru Mona Fuad Ali açıq elan etmişdir. Daha sonra sözü Muzeyin direktoru cənab Osama, İtaliyanın Misirdəki səfirliyinin elmi müşaviri Prof. Franco Porcelli, Qahirə Universiteti Konservasiya Şöbəsinin professoru Dr. Gomaa Abdul Maqsoud, Kataniya Universitetinin professoru Dr. Enrico Cilliberto və digər elmi heyət üzvlərinə vermişdir. Çıxışlar zamanı konservasiya elminin öyrənilmə əhəmiyyətin və təcrübə paylaşımınında bu cür təlimlərin rolundan danışılmış, təşkilatçı və iştirakçılara göstərdikləri marağa görə minnətdarlıq bildirilmişdir.
Təlimə ilkin olaraq Prof. Mohamed Weshahy tərəfindən"Foto tarixi" mövzusu ilə başlanılmışdır. İştirakçılara fotoaparat, neqativlər və foto kağızları haqqında qısa tarixi-xronoloji məlumat verilmişdir. O, həmçinin şüşə neqativli fotoaparatların işləmə mexanizmi ilə də iştirakçıları tanış etmişdir. Misirə ilk fotonun 1850-ci ildə gəldiyini deyən professor onun şüşə neqativli olduğunu da vurğulamışdır. Daha sonra 1903-cü ildə "Middle East the stereovlew and magic Lantern", 19-cu əsrin sonları, 20-ci əsrin əvvəllərində "Caddis & Seif in Luxor", daha sonra 1850-1980ci illərdə Antonio Pihato adlı şirkət və fotoqrafların Misirə gəlib fəaliyyət göstərməsi haqqında iştirakçılara məlumat verən Professor özünün antik foto kolleksiyasını da iştirakçılara nümayiş etdirmişdir.
Daha sonra Kataniya Universitetinin Kimya Elmləri Şöbəsinin Professoru Enrico Cilliberto foto prosesinin kimyəvi əsasları, fərqli neqativlərdə çəkilən fotolar haqqında geniş məlumat vermiş və foto neqativlərində baş verən kimyəvi proseslər mövzusuna toxunmuşdur. Daha sonra o, neqativlərdə qeydə alınan zədələrin kimyəvi əsaslarını açıqlamış, hansı maddələrdən ibarət olduğunu, bərpa zamanı hansı kimyəvi reaksiyaların getdiyi və bunların foto (pozitiv) və ya neqativə necə təsir etdiyi haqda danışmışdır. Dərs zamanı o iştirakçılara kimyəvi proseslərli canlı müşahidə etmək imkanı yaratmışdır.
Kataniya Universitetinin Professoru Ezio Viscuso isə öz məruzəsində fotonun optik əsasları barəsində məlumat vermiş, fotoaparatların optik əsaslarından, şəklin çəkilməsi zamanı şüşə və optikanın rolundan danışmışdır. Müxtəlif zamanlarda müxtəlif fotoaparatlarda işlədilmiş optikalar haqqında iştirakçıları maarifləndirdi.
Təlimin ilk günündə sonuncu məruzəni Dr. Maha Ali etmişdir. Onun çıxışı pozitiv və neqativlərin kimyəvi mövzusunda idi. Ümumi girişdən sonra Dr. Maha Ali iştirakçılara pozitiv və neqativlərdə olan zədə və ləkələrin kimyəvi yollarla qarşısının necə alınması haqda əsaslı biliklər vermişdir. Dr. Maha Ali Prof. Enrico Cilliberto-nun çıxışında gümüş əsaslı zəminlərdən bəhs etdiyini vurğuladı və onlarda olan zədə və ləkələrin hansı üsullarla qarşısının alınması haqda istiqamət verdi. Dr. Maha Ali antik fotoların konservasiya - bərpası zamanı xüsusən jelatin kimyəvi maddələrindən istifadə etməyi məsləhət görərək onların istifadəsi zamanı hansı kimyəvi proseslərin baş verdiyini, sınaqdan öncəki halı sonrakı nəticə ilə müqayisə edib iştirakçılara fərqi göstərdi.

 

Təlimlərin ilk günü İtaliyanın Misirdəki səfirlyinin elmi müşaviri Prof. Franco Porcelli ilə görüş keçirilmişdir.
Çıxışçılara “MİRAS” İctimai Birliyinin nəşrləri təqdim olunmuş, ictimai birliyin fəaliyyəti haqqında geniş məlumat verilmiş və əməkdaşlıq qurulması ilə bağlı təkliflər edilmişdir.
Təlim çərçivəsində iştirakçılar üçün ziyafət və Misirin tarixi məkanlarına tur təşkil olunmuşdur.

 

 

 


 

Oxunub : 4521