AZE ENG
Facebook
Twitter Google Myspace
MİRAS bölgələrdə monitorinqi başa vurdu
17-5-2013

MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin əməkdaşları Şirvan bölgəsindən səfərdən qayıdıblar. Belə ki, mirasçılar “Azərbaycanda tarix və mədəniyyət abidələrinin mühafizəsi və təbliği: mövcud vəziyyətin monitorinqi və qarşıda duran vəzifələr” layihəsi çərçivəsində Orta əsr Ağsu şəhəri arxeoloji turizm kompleksini, Qədim Şamaxı yaşayış yerini və İsmayıllının Talıstan kəndində yerləşən Cavanşir qalasını ziyarət edib orada müvfiq monitorinq aparıblar.
Xəbər verdiyimiz kimi, MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi (www.miras.az) “Azərbaycanda tarix və mədəniyyət abidələrinin mühafizəsi və təbliği: mövcud vəziyyətin monitorinqi və qarşıda duran vəzifələr” layihəsinin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyini alıb.
Layihə çərçivəsində Şirvan və Gəncə-Qazax bölgəsində tarix və mədəniyyət abidələrinin mühafizəsi və təbliği ilə bağlı mövcud vəziyyətin monitorinqi və araşdırılması nəzərdə tutulub. İlk mərhələdə MİRAS İctimai Birliyinin layihəyə məsul əməkdaşları Gəncə-Qazax bölgəsində səfərdə olublar. Şəmkir rayonu Muxtariyyə kəndində orta əsr Şəmkir şəhəri, Qazax şəhərində son tunc və ilk dəmir dövrünə aid Sarıtəpə yaşayış yeri və Gəncə şəhərində orta əsr Gəncə şəhəri ilə bağlı monitorinq və araşdırma aparıblar. Səfər çərçivəsində adı çəkilən abidələr ziyarət olunub, müvafiq söhbətlər və çəkilişlər aparılıb. Həmin abidələrə münasibətini dəyərləndirmək üçün ictimaiyyətin müxtəlif təbəqələrinin təmsilçiləri arasında yazılı sorğu keçirilib. Sorğuda yerli mədəniyyət və turizm şöbələrinin əməkdaşları, bələdiyyə sədrləri, muzey işçiləri, müəllimlər, məktəblilər, taksi sürücüləri, abidə ətrafında yaşayan yerli sakinlər iştirak ediblər. Daha sonra eyni qaydada Şirvan bölgəsində monitorinq aparılıb.
Layihənin sonunda keçirilən sorğular əsasında ekspertlərin iştirakı ilə abidələrin bərpası, onların qorunması və təbliği ilə bağlı memarlıq, hüquqi və maarifləndirici aspektləri özündə əks etdirən tövsiyələr hazırlanacaq.
Növbəti mərhələdə hər iki bölgədə maarifləndirici seminarların keçirilməsi, tövsiyələrin kitabça şəklində nəşri və videorolikin hazırlanması nəzərdə tutulur.

Oxunub : 2991