AZE ENG
Facebook
Twitter Google Myspace
MİRASın Skopyedə seminarı keçirilib
18-1-2013

Yanvarın 17-də Makedoniyanın paytaxtı Skopye şəhərində Gənclərin Mədəniyyət Mərkəzində MİRAS İctimai Birliyi və Arxeologiya Assossaiyasının tarixi-mədəni irsin qorunması, tədqiqi və təbliği mövzusunda birgə seminarı keçirilmişdir. Seminarı giriş sözü ilə Arxeologiya Assossaiyasının prezidenti Radomir İvanoviç açmışdır.
AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, Ağsu arxeoloji ekspedisiyasının rəisi, MİRAS İctimai Birliyinin İdarə Heyətinin üzvü, tarix elmləri doktoru Qafar Cəbiyev Azərbaycanda tarixi-mədəni irsə göstərilən dövlət qayğısından və bu sahədə qeyri-hökumət təşkilatlarının fəaliyyəti barəsində ətraflı məlumat vermişdir. Natiq çıxışında təəssüf hissi ilə belə bir məqamı xüsusi olaraq vurğulamışdır ki, 20 ildən artıq müddət ərzində Qarabağ müharibəsi və ərazilərin 20 faizinin hələ də Ermənistan tərəfəindən işğal altında saxlanması tarixi-mədəni irsin müqəddaratı üçün çox ciddi problemlər yaradır.
Azərbaycan Müəllimlər İnstitutunun müəllimi, MİRAS İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli öz çıxışında rəhbərlik etdiyi qurum tərəfindən Orta əsr Ağsu şəhərində aparılan arxeoloji tədqiqatlar, konservasiya işləri və bütövlükdə mədəni risin təbliği sahəsindəki fəaliyyəti və Azərbaycanda arxeoloji turizmin inkişafı baxımından qazanılan uğurlar barədə danışdı. Seminar iştirakçılarına tarixi-mədəni irsin tədqiqi, konservasiyası, təbliği və arxeoturizmin inkişafını əks etdirən videogörüntülər təqdim olundu.
Arxeologiya Assossaiyasının prezidenti Radomir İvanoviç rəhbərlik etdiyi qurum haqqında, son illər assossaiyanın gördüyü işlər, o cümlədən könüllülərin arxeoloji aşkara çıxarılması, qeydiyyata alınması və qorunması sahəsindəki iş təcrübəsi barəsində geniş məlumat verdi.
Daha sonra seminar işgüzar dialoq və qarşılıqlı fikir mübadiləsi şəraitində davam etdirildi.
Sonda birliyin sədri Fariz Xəlilli Radomir İvanoviçə MİRAS İctimai Birliyinin Dostu fəxri diplomunu təqdim etdi. Seminar iştirakçılarına Heydər Əliyev Fondu, SEBA (Koreya Azərbaycan Mədəniyyət Mübadiləsi Assosasiyası) və MİRAS İctimai Birliyi adından kitab, albom, broşür və disklər hədiyyə edildi. Tərəflər bu cür dialoq və əlaqələri gələcəkdə də davam etdirmək, buy olla qarşılıqlı təcrübə mübadiləsi aparmaq barəsində razılığa gəldilər.

Oxunub : 2717