AZE ENG
Facebook
Twitter Google Myspace
Uşaq Teatrı MİRASla əl-ələ
7-3-2013

Mart ayının 10-da saat 15.00-da Bakı Uşaq Teatrında Abdulla Şaiqin birpərdəli “Əşxas” (Şəxslər) pyesinin motivləri əsasında hazırlanmış tamaşa nümayiş olunacaq. Tamaşa Bakı Uşaq Teatrı və MİRAS İctimai Birliyinin “Uşaq Teatrı MİRASla əl-ələ” layihəsi çərçivəsində səhnələşdirilmişdir. Tamaşanın rejissorları İntiqam Soltan və Hacıbaba Məmmədovdur.
Qeyd etmək istərdik ki, Azərbaycanın ədəbi-ictimai fikir tarixində maarif və mədəniyyət xadimi, şair, nasir, dramaturq, ədəbiyyatşünas, tərcüməçi kimi tanınan Abdulla Şaiq Talıbzadənin ad günü ərəfəsində səhnə üçün hazırlanan pyes ilk dəfə 1917-ci ildə Bakı Müsəlman Xeyriyyə Cəmiyyəti tərəfindən nəşr olunmuş «Qardaş Köməyi» məcmuəsində nəşr olunub. Bu yaxınlarda “Keçmişdən günümüzə Azərbaycan və Türkiyədə xeyriyyəçilik ənənəsi “Qardaş köməyi” layihəsi çərçivəsində adı çəkilən jurnal transliterasiya edilərək, Türkiyə türkcəsinə uyğunlaşdırılıb və daha sonra kitab şəklində nəşr olunub. Kitabın təqdimatı 2012-ci ilin noyabrında Azərbaycan Dillər Universitetində Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) və Gəncliyə Yardım Fondunun (GYF) birgə təşkilatçılığı ilə “Keçmişdən günümüzə Azərbaycan və Türkiyədə xeyriyyəçilik ənənəsi: “Qardaş köməyi” adlı beynəlxalq simpoziumda baş tutub.
Əsərdən də göründüyü kimi Abdulla Şaiqin insanlığı öz idealına çatması üçün ədalətə, vicdana, mərhəmətə söykənib. Zülmə, fəlakətə, şeytana qalib gəlməli olduğunu bəyan edən “Əşxas” əsərini səhnələşdirməklə Birlik bu həqiqəti gənclərə aşılamaq niyyətindədir.
Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə 10 mart Milli Teatr günü kimi qeyd olunur.

Oxunub : 2966