AZE ENG
Facebook
Twitter Google Myspace
Kürdəmir rayonunun Muradxan kəndində dəfinə tapıldı!
2-4-2010

Kürdəmir rayonunun Muradxan kəndi ərazisində rayon Suvarma Sistemləri İdarəsinə məxsus ekskavatorla kanal qazılarkən nadir pul dəfinəsi tapılıb. Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun Ağsu ekspedisiyasının rəhbəri Qafar Cəbiyev bildirib. Onun sözlərinə görə, dərhal hadisə ilə bağlı Rayon Mədəniyyət və Turizm İdarəsinə bildirilib, onlar isə öz növbəsində AMEA Arxeologiya və Etnoqrafiya İnstitutuna xəbər veriblər: “Kürdəmir Mədəniyyət və Turizm İdarəsinin rəisi Vaqif Alıyev, Milli Azərbaycan Tarixi Muzeyinin arxeologiya elmi fondu şöbəsinin müdiri Fariz Xəlilli, İnstitutun numizmatika şöbəsinin müdiri Akif Quliyev və mən hadisə baş verən əraziyə baxış keçirdik. Dəfinə 5470 qram çəkiyə malikdir. Onun içərisində 1200-dən artıq sikkə olduğu ehtimal edilir. Sikkələr üst görkəmindən misə oxşayır. Uzun müddət nəmişlik halında qaldığından oksidləşərək külçə halına düşüb. Dəfinə Ağsu ekspedisiyasına təhvil verilib. Hazırda ekspertlərdən ibarət qrup dəfinə ilə bağlı araşdırmalar aparır. İlk olaraq dəfinədəki pulların sayını, onların harada və kimlərin adından zərb olunduğunu müəyyənləşdirmək lazımdır, buna əsasən sikkələrin hansı dövrə aid olduğu müəyyənləşəcək. İlkin olaraq sikkələrin XIV əsrin sonu – XV əsrin əvvəlinə aid olduğu ehtimal edilir”.

Oxunub : 3036