AZE ENG
Facebook
Twitter Google Myspace
Ağsuda "Arxeoloji turizm və muzeylər" seminarı
19-5-2010

Mayın 18-də Beynəlxalq Muzeylər günü münasibətilə Ağsu rayonunda bir sıra tədbirlər keçirilmişdir. Günün birinci yarısında rayon məktəblərinin müəllim və şagirdləri orta əsr Ağsu şəhər yerində aparılmaqda olan arxeoloji qazıntılarla yaxından tanış olmuş, açıq dərslər keçilmişdir.
Günün ikinci yarısında Rayon Tarix Diyarşünaslıq Muzeyində Ağsu arxeоlоji ekspedisiyası üzvlərinin, Ağsu Rayоn İcra Hakimiyyəti nümayəndələrinin, rayonun muzey işçiləri və ziyalıların iştirakı ilə Beynəlxalq Muzeylər gününə həsr olunmuş “Arxeoloji turizm və muzeylər” mövzusunda seminar keçirilmişdir.
Ağsu arxeoloji ekspedisiyasının rəisi, tarix elmləri doktoru Qafar Cəbiyev, Ağsu rayon İcra Hakimiyyəti başçısının müavini Akif Mirzəyev, İtaliyadan dəvət olunmuş bərpaçı-memar Luici Skrinzi, Milli Azərbaycan Tarixi Muzeyinin şöbə müdiri, tarix elmləri namizədi Fariz Xəlilli, Ağsu rayon Tarix Diyarşünaslıq Muzeyinin direktoru Sevda Dəmirova, Heydər Əliyev Mərkəzinin direktoru Reyhanə Tacızadə rayon ərazisində aparılan son arxeoloji qazıntılardan, üzə çıxmış bina və emalatxanaların sonrakı taleyindən, bərpa və konservasiyasından, tədqiqindən, arxeoloji turizmin Azərbaycanda yayılması zərurətindən, Ağsunun turizm imkanlarından, muzeylərin arxeoloji turizmin inkişafında tutduğu mövqedən danışmışlar.
Gün ərzində rayon ictimaiyyətinin nümayəndələri, məktəblilər Tarix-diyarşünaslıq Muzeyində təşkil edilmiş Ağsu arxeoloji ekspedisiyasının ən yeni arxeоlоji tapıntılarından ibarət sərgi ilə tanış olmuşlar. 

Oxunub : 2730