AZE ENG
Facebook
Twitter Google Myspace
Ağsuda başlanmış arxeoloji tədqiqatlar uğurla davam etdirilməkdədir
1-8-2010

 Bu ilin mart ayında “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin təşəbbüsü və maliyyə dəstəyi ilə AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu və Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşlarından ibarət ekspedisiya tərəfindən Ağsuda başlanmış arxeoloji tədqiqatlar uğurla davam etdirilməkdədir. Artıq 3000 kv.m. sahədə qazıntı işləri əsasən başa çatdırılmışdır. Hazırda şəhərin ictimai binalarını tapıb üzə çıxarmaq məqsədilə daha geniş ərazidə qazıntı işlərinə başlanılıb. Bu işlərlə paralel olaraq indiyədək aşkar edilmiş tikinti qalıqlarının və kommunikasiya şəbəkəsinin öyrənilməsi və konservasiya olunması, toplanmış çox zəngin və rəngarəng çeşidli maddi mədəniyyət nümunələrinin elmi cəhətdən sistemləşdirilməsi və nəşr olunması istiqamətində də intensiv iş aparılmaqdadır. Xatırladaq ki, Ağsuda aparılan tədqiqatlar nəinki Azərbaycanda, bütövlükdə Qafqazda son orta əsr şəhər probleminin geniş və hərtərəfli tədqiqi baxımından olduqca mühüm əhəmiyyət kəsb edir.
Məlum olduğu kimi Ağsu paytaxtla ölkənin qərb və şimal-qərb bölgəsindəki turizm regionlarını birləşdirən magistral yolların üstündə yerləşir. Bu o deməkdir ki, Bakıdan, yaxud da Cəncə və ya Şəkidən yola çıxan turist karvanı təqribən 2-3 saatdan sonra bir balaca dincəlmək məqsədilə yolüstü Ağsuda dayana bilər. Haradasa bir stəkan pürrəngi çay içmək istəyi sonda yaxınlıqdakı yaxşı vəziyyətdə olan, içərisində arxeoloqlar tərəfindən elmi axtarışların davam etdirildiyi abidə ilə tanışlıqla tamamlana bilər. Bəli, orta əsr Ağsu şəhəri bu cəhətdən son dərəcə münasib və həm də cəlbedici abidədir.

Hazırda ekspedisiyanın elmi heyəti avqustun 6-da Ağsu şəhərində media təmsilçilərinin iştirakı ilə keçrilməsi nəzərdə tutulan geniş təqdimetmə mərasiminə hazırlaşır. Mərasimdə Ağsu qazıntılarının ən yeni nəticələri barədə ilk dəfə ictimayyətə geniş məlumat verilməklə yanaşı, rayon tarix diyarşynaslıq muzeyində təşkil olunmuş yeni sərginin açılışı, orta əsr Ağsu şəhərinin tarixinə dair ingilis dilində çapdan çıxmış kitab-albomun (Medieval Agsu Town), habelə ekspedisiyanın internet səhifəsinin ingilis versiyasının təqdimatı olacaqdır.
Təqribən bir aydan sonra Bakıda Milli Azərbaycan Tarixi Muzeyində Ağsu materiallarından ibarət daha bir sərginin açılışı olacaqdır. Sentyabrın 14-də isə AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu, Milli Azərbaycan Tarixi Muzeyi və “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin “Ağsuda arxeoloji tədqiqatlar və Azərbaycanda son orta əsr şəhər problemi” mövzusunda elmi-nəzəri konfrans keçirməyi planlaşdırır.

Oxunub : 2567