AZE ENG
Facebook
Twitter Google Myspace
Azərbaycanda IV Beynəlxalq Avrasiya arxeologiyası konfransı başa çatmışdır
5-9-2010

AzərTAc xəbər verir ki, Türkiyədən, Rusiyadan, İtaliyadan, Özbəkistandan və bir sıra başqa ölkələrdən gəlmiş arxeoloji araşdırma mərkəzlərinin nümayəndələrinin, dövlət rəsmilərinin, tarixçi alimlərin və beynəlxalq turizm üzrə mütəxəssislərin qatıldıqları konfransın sonuncu iş günündə Avrasiya regionunda arxeoloji turizm, arxeoloji və etnoqrafik turizmin inkişaf perspektivləri müzakirə olunmuşdur. Mövzu ilə əlaqədar Türkiyədən Begül Özkoca "Alacahöyük muzeyi: muzeyin arxeoloji turizmdə mühüm yeri", Koray Alper "Kaş sualtı arxeopark layihəsi", Qafqaz Universitetindən Mehmet Rıhtım "Azərbaycanda sufi abidələri: Xanəgah və təngələr" , Rusiya Federasiyasından Andrey Borodovski "Dağlıq Altay arxeoloji irsinin turist infrastrukturuna inteqrasiyası", Yelena Popravko "Rusiyanın Uzaq Şərqində arxeoloji irsin tədqiqi və təbliğində muzeylərin rolu", Yelena Koveşnikova "Kuzbasda arxeoloji turizm", Azərbaycandan Kamil İbrahimov "İçərişəhərdə arxopark", Cəfər Qiyasi "Şamaxı Cümə məscidi- on üç əsrin ibadət yeri", Nərgiz Quliyeva "Ermənilərin Azərbaycana soxulması və onun Ermənistanda yaşayan azərbaycanlıların ailə və ictimai münasibətlərinə təsiri" və s. mövzularda məruzələr etmişlər.Avrasiya məkanında arxeoloji turizmin inkişafı üçün kifayət qədər böyük potensialın olduğunu diqqətə çatdıran natiqlər bir sıra yerlərdə bu sahədə qazanılan uğurlu nəticələrdən danışmış, habelə göstərmişlər ki, hələ genişmiqyaslı arxeoloji düşərgələrdə və mədəni təbəqələr altında qalmış qədim şəhərlərdə turizm kompleksləri yaratmaq, onların infrastrukturunu yaxşılaşdırmaq və bu tədbirlərin son nəticəsi kimi tarixi və mədəniyyət abidələrini turizm məhsuluna çevirmək istiqamətində görüləsi işlər çoxdur.Konfransda Uzaq Şərqdə uşaqlar üçün muzeylərin yaradılması, 1000 kilometr məsafəni əhatə edən Altay turizm sahəsinin təşkili layihəsi, 1834-cü ildən arxeoloji tədqiqatların nəticəsi kimi Alacahöyük muzeyinin uğurları, Türkiyədə sualtı turizmin təşkili, Azərbaycanda bu sahədə nəzərdə tutulan layihələr, İçərişəhər arxeoparkının turizm baxımından əhəmiyyəti və s. məsələlər barədə geniş fikir mübadiləsi aparılmışdır.Konfransda arxeoloji tədqiqatlar zamanı onun konservasiyası məsələsinin xüsusi önəm daşıdığı vurğulanmışdır. Bu baxımdan Orta əsr Ağsu şəhər qalıqları turizm kompleksində görülən işlərin bir nümunə kimi əhəmiyyəti qeyd olunmuşdur.Ağsu arxeoloji ekspedisiyasının rəisi, tarix elmləri doktoru Qafar Cəbiyev Azərbaycanda arxeoloji tədqiqatlara, arxeoloji turizmin inkişafına göstərilən dövlət qayğısından danışaraq hazırda 40 yerdə arxeoloji ekspedisiyanın çalışdığını diqqətə çatdırmış, bəzi tarixi ərazilərdə konservasiya işlərinin görülməsinin zəruriliyindən bəhs etmişdir.Tədbirdə konservasiya sahəsində Türkiyə təcrübəsindən faydalanmağın əhəmiyyətli nəticələrindən danışılmışdır.Konfransda Avrasiya məkanında arxeoloji tədqiqatların aparılmasında əməkdaşlığın, arxeoloji turizmin təşkilində bir-birinin təcrübəsindən faydalanmağın hamı üçün xüsusi əhəmiyyəti qeyd olunmuş, bu baxımdan Azərbaycanda keçirilən IV Beynəlxalq Avrasiya arxeologiyası konfransının təşkilatçılarına təşəkkür edilmişdir. Qeyd edilmişdir ki, alimlərin, mütəxəssislərin tanışlığı, Avrasiya məkanının ayrı-ayrı regionlarında aparılan arxeoloji tədqiqatlara həsr edilmiş kitabların qarşılıqlı hədiyyəsi və konfransın gələcək əməkdaşlıq əlaqələri ilə bağlı qərarları tədbirin xüsusi əhəmiyyət daşıdığının göstəricisidir.Konfransın sonuncu iş günündə iştirakçılar İsmayıllı şəhəri ilə tanış olmuş, burada Heydər Əliyev Mərkəzinə, tarix-diyarşünaslıq muzeyinə baxmış İvanovka kəndinə baş şəkmişlər. 

Oxunub : 2706