AZE ENG
Facebook
Twitter Google Myspace
Muzeydə “Azərbaycan Arxeologiyasi məktəblilərin gözü ilə” mövzusunda seminar keçirilmişdir
18-9-2010

Bakı, 18 sentyabr (AzərTAc). Sentyabrın 18-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Milli Azərbaycan Tarixi Muzeyində bu muzeyin, Ağsu arxeоlоji ekspedisiyası, “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin, “Yeni istedadlar” uşaq və gənclər təşkilatının, N.Nərimanov adına kütləvi kitabxananın birgə təşkilatçılığı ilə “Azərbaycan arxeologiyası məktəblilərin gözü ilə” mövzusunda seminar keçirilmişdir.
AzərTAc xəbər verir ki, Bakıdakı 91 nömrəli məktəbin tarix fənnini tədris edən müəllimlərinin və şagirdlərinin qatıldıqları tədbirin iştirakçıları əvvəlcə muzeydə təşkil edilmiş “Ağsu möcüzəsi” sərgisi ilə tanış olmuşlar. Cari ilin martından başlayaraq Ağsu şəhərində aparılan irimiqyaslı arxeoloji tədqiqatlar nəticəsində əldə edilən və bu diyarın qədim yaşayış məskəni olmasına dəlalət edən müxtəlif əşyalar haqqında ətraflı məlumat verilmişdir.
Ağsuda qazıntı işlərindən bəhs edən “Ağsu arxeoloji ekspedisiyası” filmi və qədim şəhərin görüntülərini əks etdirən slaydlar nümayiş olunmuşdur.
“Yeni istedadlar” uşaq və gənclər təşkilatının sədri Cəfər Mənsimi tədbirin məqsəd və əhəmiyyətindən, məktəblilərdə mədəniyyət ocaqlarına, tarixi yerlərə marağın artırılmasının, hər bir yeniyetmənin keçmişimizi öyrənərək gələcək nəsillərə çatdırmasının vacibliyindən danışmışdır. Bildirmişdir ki, məktəblilərin dünyagörüşünün genişlənməsinə kömək edən silsilə tədbirlər bir ay ərzində Bakı şəhərinin müxtəlif orta məktəblərində təşkil olunacaq, sonda şagirdlər arasında mövzu ilə bağlı yazı müsabiqəsi keçiriləcəkdir. Bəyənilən yazılar kitabça şəklində çap ediləcəkdir. Məktəblilərin iştirakı ilə Ağsu şəhərinə ekskursiya təşkil ediləcəyi də qeyd olunmuşdur.
Seminarda AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işçisi, Ağsu arxeoloji ekspedisiyasının üzvü Elmira Abbasovanın “Orta əsr Ağsu şəhərində son arxeoloji tədqiqatlar və Azərbaycan arxeologiyası”, muzeyin numizmatika elmi fond şöbəsinin əməkdaşı Həbibə Əliyevanın “Orta əsr Ağsu şəhər qəbiristanlığının epiqrafik abidələri” mövzularında məruzələri dinlənilmişdir. Məruzələrdə qazıntı işlərinin gedişi, əldə olunan nailiyyətlərdən söz açılmışdır.
Bakıdakı 91 nömrəli orta məktəbin müəllimi Nazilə Məmmədzadə məktəblilərə Vətənimizin tarixi, keçmişi, yaşantıları haqqında dəyərli məlumatların aşılanmasında bu cür tədbirlərin əhəmiyyətli rol oynadığını qeyd etmiş, seminarın təşkilatçılarına minnətdarlığını bildirmişdir.
Sonda şagirdlər arasında tarixi mövzuda diskussiya keçirilmiş, qaliblər mükafatlandırılmışlar. 

Oxunub : 2553