AZE ENG
Facebook
Twitter Google Myspace
Ağsu şəhərində arxeoloji tədqiqatlar və Azərbaycanda son orta əsr şəhər problemi mövzusu üzrə müzakirələr aparılmışdır
24-9-2010

Sentyabrın 14-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Milli Azərbaycan Tarixi Muzeyində "Ağsu şəhərində arxeoloji tədqiqatlar və Azərbaycanda son orta əsr şəhər problemi" mövzusunda respublika elmi-nəzəri konfransı keçirilmişdir.
Əvvəlcə "Ağsu möcüzəsi" sərgisinin açılışı olmuşdur.
Azərbaycan Milli Elmlər Akademiyası Milli Azərbaycan Tarixi Muzeyi, Arxeologiya və Etnoqrafiya İnstitutu və "MİRAS" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi tərəfindən təşkil olunmuş tədbirdə AMEA-nın prezidenti, akademik Mahmud Kərimov çıxış edərək Azərbaycan Prezidenti İlham Əliyevin elmin inkişafına daim mühüm əhəmiyyət verdiyini vurğulamışdır.
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun apardığı arxeoloji tədqiqatların əhəmiyyətindən danışan akademik M.Kərimov, bu sahədə elmi fəaliyyətin genişləndirilməsinin vacibliyini bildirmişdir.
AMEA-nın vitse-prezidenti, Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, tarix elmləri doktoru Maisə Rəhimova arxeoloq alimlərin qazandıqları uğurlardan bəhs etmiş, konfransın əhəmiyyətini vurğulamışlar.
Ağsu arxeoloji ekspedisiyasının rəisi, tarix elmləri doktoru Qafar Cəbiyev həmin ərazidə arxeoloji tədqiqatlar və Azərbaycanda son orta əsr şəhər problemi barədə məruzə etmişdir. Məruzəçi bildirmişdir ki, ötən əsrin ortalarından başlayaraq, Azərbaycanda orta əsr şəhərlərinin arxeoloji cəhətdən tədqiqi sahəsində xeyli təcrübə toplanmışdır. Mingəçevir, Gəncə, Beyləqan, Qəbələ, Şamaxı, Bakı, Şabran, Bərdə, Naxçıvan, Şəmkir və digər abidələrdə aparılan uzunmüddətli qazıntılar orta əsr şəhər probleminin dərindən və hərtərəfli öyrənilməsi baxımından kifayət qədər zəngin material vermişdir.
Qeyd olunmuşdur ki, orta əsr Ağsu şəhəri həqiqətən etalon abidə kimi dəyərləndirilə bilər. Çünki burada şəhərin salındığı vaxt bəllidir. Oradan tapılan maddi mədəniyyət nümunələrinin hamısı (ticarət və mədəni əlaqələr nəticəsində daxil olan daha erkən dövr materialları istisna olmaqla) məhz Ağsu şəhərinin mövcudluğu dövrünə aiddir. Beləliklə, Ağsu qazıntıları zamanı əldə olunmuş metal, saxsı, şüşə, daş, sümük və s. materiallar bütün texniki və texnoloji xüsusiyyətləri ilə məhz XVIII əsr üçün səciyyəvi olan materiallardır. Bu tapıntılar içərisində elə növ nümunələr vardır ki, onlara əvvəlki dövr materialları içərisində təsadüf olunmur. Yaxud, əvvəllər məişət və təsərrüfatda geniş istifadə olunan bir çox əmək alətləri və məişət əşyaları mövcuddur ki, XVIII əsrdə onların formasında və ya keyfiyyət göstəricilərində hiss olunacaq dəyişikliklər baş vermişdir. Eyni sözləri şəhərin memarlıq quruluşu, evləri, yardımçı binaları, xüsusən də ictimai tikililəri barədə demək olar. Bütün bunlar isə orta əsr Ağsu şəhərinin Azərbaycanın XVIII əsr şəhər tarixini öyrənmək baxımından, həqiqətən də, etalon abidə olduğundan xəbər verir. Buradan əldə olunan materiallar bəhs edilən dövrün tarixinin dərindən və hərtərəfli araşdırılması baxımından arxeoloqlarla yanaşı, tarixçilər, etnoqraflar və memarlar üçün də geniş üfüqlər açır.
Alim bildirmişdir ki, Ağsu abidəsi şəhər süqut edəndən sonra onun ərazisində heç bir tikinti, qazıntı və təsərrüfat işləri aparılmamış nadir arxeoloji abidələrdəndir. Beləliklə, orada şəhərin əsas tikililəri, məhəllələri, küçə və meydanları nisbətən daha yaxşı qalmışdır. Onların bir çoxunun konturlarını elə vizual müşahidələr əsasında dəqiqləşdirmək mümkündür. Ərazidə, hətta, məhəllə və meydanların da təqribi sayını müəyyənləşdirmək olar.
Orta əsr Ağsu şəhərinin yerləşdiyi müasir Ağsu rayonunun ərazisi müxtəlif dövrlərə aid tarixi abidələrlə olduqca zəngindir. Bu ərazidə eneolit dövründən başlayaraq bu günədək intensiv həyat davam edir. Rayon ərazisindəki qədim dövr abidələri ötən əsrin 60-cı illərindən başlayaraq öyrənilir. Nüydi, Uzunboylar və Qırlartəpə abidələrindən sonra Mehrəvan, Nərgizava və Ağsu şəhərinin yerində də arxeoloji tədqiqatlar aparılmışdır.
Orta əsr Ağsu şəhəri rayon mərkəzindən bir qədər cənubda, Yuxarı Şirvan düzündə, Ülgüc, Ağarx, Çuruqlu və Ərəbuşağı kəndlərinin əhatəsində yerləşir. Şəhər ərazisi şərq, qərb və şimal tərəfdən tam, cənub tərəfdə isə qismən dərin xəndək, hündür torpaq val və onun üzərində tikilmiş möhtəşəm qala divarları ilə əhatələnmişdir.
Ağsu şəhəri də digər son orta əsr şəhərləri kimi bütövlükdə əsas və ikinci dərəcəli küçə və yollardan, irili-xırdalı meydanlardan, müxtəlif təyinatlı tikililərdən, yeraltı və yerüstü kommunikasiya şəbəkəsindən ibarət son dərəcə mürəkkəb bir kompleksdən ibarətdir.
Sonra "Azərbaycan-Avropa əlaqələri (şüşə materiallar əsasında)", "Ağsuda sikkə zərbi və pul tədavülü", "Daş məmulatı və daşişləmə sənəti", "Azərbaycan Şərq-Qərb ticarət əlaqələrinin qovşağında" və digər mövzularda məruzələr dinlənilmiş, müzakirələr aparılmışdır. 

Oxunub : 2873