AZE ENG
Facebook
Twitter Google Myspace
MİRAS "Məhəmməd Əmin Rəsulzadə yaradıcılığında dilimizə və mədəni irsimizə münasibət" mövzusunda seminar keçirdi
21-2-2014

MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutu ilə birlikdə 20 fevral 2014-cü il tarixində Məhəmməd Əmin Rəsulzadənin 130 illiyi və 21 Fevral Beynəlxalq Ana Dili Günü münasibətilə "M.Ə.Rəsulzadə yaradıcılığında dilimizə və mədəni irsimizə münasibət" mövzusunda seminar keçirtdi.
Seminarı giriş sözü ilə açan MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli Məhəmməd Əmin Rəsulzadə şəxsiyyəti, onun yaradıcılığı və Rəsulzadə irsinin gənclər arasında təbliğinin əhəmiyyəti haqqında fikirlərini bildirdi, tədbirin Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cənablarının ötən ilin noyabr ayında imzaladığı sərəncam çərçivəsində və Beynəlxalq Ana Dili Gününə həsr edildiyini, Rəsulzadə yaradıcılığında mədəni irsimizə və onun ayrılmaz qolu olan dilimizin saflığına böyük önəm verildiyini vurğuladı, sonra seminarın məruzəçiləri – fəlsəfə elmləri doktoru Yadigar Türkeli, fəlsəfə doktorları Faiq Ələkbərovu və Müstəqil Ağayevi Rəyasət Heyətinə dəvət etdi.
İlk çıxış edən AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun əməkdaşı, fəlsəfə elmləri doktoru Yadigar Türkel Məhəmməd Əmin Rəsulzadəni insanlığı müəyyən ideya ətrafında birləşdirərək bir bayraq altında toplayan böyük şəxsiyyət adlandırdı. O, həmçinin müəllifi olduğu, M.Ə.Rəsulzadəyə həsr edilmiş “Çağımızın Siyavuşu” kitabının necə araya-ərsəyə gəldiyini söylədi. Məruzəçi “Məhəmməd Əmin Rəsulzadənin dili ağır və çətin olsa da, onun yazılarındakı ərəb və fars mənşəli sözləri çıxarsaq, yerdə büllur kimi təmiz türk dili qalacaq” deyə fikrini davam etdirdi.
"M.Ə.Rəsulzadənin yaradıcılığında milli dil məsələsi" mövzusunda məruzə edən AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun böyük elmi işçisi, fəlsəfə doktoru, dosent Faiq Ələkbərov XX əsrin əvvəllərində dilimizlə bağlı yaranmış qruplaşmalardan və bunun dilimizin inkişafına təsirindən söhbət açdı. Məhəmməd Əmin Rəsulzadənin sanki bir günəş səmanı aydınlatdığı kimi fikirləri necə bir məcraya yönəltdiyindən, Anadolu türkcəsi ilə Azərbaycan türkcəsi arasında orta nöqtələrin tapılması və inkişaf etdirilməsinin vacibliyini əsas məsələ hesab etdiyindən bəhs etdi. Rəsulzadə daim “Dil – millət deməkdir,” – deyə vurğulayırdı. 1919-cu ildə Müsavat Partiyasının qurultayında çıxışı zamanı o: “Biz ortaq türkcə yaratmalıyıq,” – deyə səslənmişdi.
Faiq müəllim həmçinin Məhəmməd Əmin Rəsulzadənin milli şüurumuzun formalaşmasında dilimizin, qədim köklərimizin mühüm rol oynadığı barədə fikirlərini seminar iştirakçılarının diqqətinə çatdırdı və məruzəsini “Hər hansı bir millət öz dilini ifadə etməkdən utanırsa o millətin gələcəyi yoxdur” fikri ilə tamamladı.
AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə doktoru Müstəqil Ağayev “Məhəmməd Əmin Rəsulzadənin yaradıcılığında elm, mədəniyyət və maarif məsələləri” mövzusunda məruzə etdi. Müstəqil müəllim məruzəsini demək olar ki, Məhəmməd Əmin Rəsulzadədən iqtibaslar üzərində qurmuşdu. “Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü” adlı kitabın müəllifi olan məruzəçi Rəsulzadənin “Millətin millət olması üçün onun elmi, təhsili, mədəniyyəti olmalıdır” fikri ilə çıxışına davam etdi və Məhəmməd Əmini ictimai fikir tariximizdə qabaqcıl ideoloq olduğunu, cəhaləti kəskin tənqid etdiyini vurğuladı.
Azərbaycan xalqının maariflənməsində elmin, mədəniyyətin inkişafında, tərəqqiyə nail olunmasında böyük rolu olan Rəsulzadənin qiraətxanaların açılması, xalqın maarifləndirilməsi istiqamətində Bakı milyonçularına müraciətini səsləndirdi: “XX qərinə çatdı... Mədəniyyət yolları açıldı. Qəzetlərin açılması oxucuların artmasına şərait yaratmazmı? Odur ki, “Nicat” və “Ümumi qiraətxanalar” açıldı... Ürəfalarla birləşib qiraətxanalar açmaq çağı yetişdi”.
M.Ə.Rəsulzadə mətbuat azadlığına da böyük önəm verirdi: “Mətbuat millətin azadlığının, mədəniyyətinin carçısı, ictimaiyyəti formalaşdıran 4-cü hakimiyyətdir” – deyən öndər - “elmsizliyi böyük və dəvası tapılmayan dərd” – adlandırırdı.
Məruzəçinin dediyi kimi, elm, təhsil, mədəniyyətin dövlətə bağlılığını vurğulasa da məktəblərin azlığı, yararsızlığı, tədris proqramlarının zəifliyi daim Rəsulzadəni narahat edən məsələlərdən idi. “Himmət və qeyrət vaxtıdır” – deyən ADR-n banisi mədrəsələrin açılmasını, İslamın cəhalətdən uzaq, fəzilətlə tədrisinin vacibliyini xüsusilə vurğulayır və Bakı milyonçularını bu istiqaməti maliyyələşdirməyə çağırırdı.
Müstəqil Ağayev vaxtın azlığını nəzərə alaraq qısa danışdığını və böyük dühanın yaradıcılığının daha dərindən öyrənilməsi zərurətinin hələ də qalmaqda olduğunu vurğuladı və bunu gənclərə tövsiyə etdi.
Daha sonra çıxış üçün Yasəmən Qaraqoyunlu, Ruşan Ruşanzadə, Xalid Bahadır, Mətanət Şəkixanova və digərləri söz aldılar və fikirlərini bölüşdüər.
Sonda seminara yekun vuran MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli Azərbaycan Milli Elmlər Akademiyasında çalışan alimlərimizə, qonaqlara və seminar iştirakçılarına dəyərli və məzmunlu çıxışlarına görə təşəkkür etdi, seminardan böyük zövq aldığını, bütün iştirakçıların burada səslənən fikirlərdən bəhrələnəcəyinə ümid bəslədiyini bildirdi.
 

Oxunub : 5864