AZE ENG
Facebook
Twitter Google Myspace
Gürcüstanın turizm sektorunun təmsilçiləri Azərbaycanda olmuşlar
28-3-2014

22-26 mart tarixlərində MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi və Heritage Travel Turizm Şirkəti, Golden Travel Georgia Turizm Şirkəti və Georgia For Friends Asossasiyasının təşkilatçılığı ilə Gürcüstanın İCARUS Turizm Peşə Kollecinin müəllim və tələbələrindən ibarət nümayəndə heyəti Azərbaycanda mədəni irs abidələri və turizm obyektləri ilə tanış olmuşlar. Məqsəd Azərbaycan və Gürcüstanın mədəni irs turlarının beynəlxalq səviyyədə tanıdılması və hər iki ölkənin turizmin bu sahəsindəki potensialını vahid tur şəklində təqdim etməkdir.
Azərbaycan-Gürcüstan sərhəddindən başlayaraq yolüstü Tovuzda Göytəpə Neolit dövrü abidəsi və Şəmkirdə Orta əsr şəhər yeri ilə tanış olan gürcü turizmçilər Orta əsr Ağsu şəhəri Turizm Kompleksindəki Arxeoloji bazada yerləşmişlər.
Martın 23-də günün birinci yarısında qonaqlar Orta əsr Ağsu şəhərində Arxeoloji Turizm Kompleksi ilə yaxından tanış olmuşlar. Qonaqlara məlumat verilib ki, Qafqazda ilk olan bu kompleksdə şəhərin qalıqları qazıntıdan aşkar olunduğu kimi konservasiya edilib, turistlərin istənilən fəsildə ziyarəti üçün şərait yaradılıb.
Daha sonra Ağsu şəhərindəki Heydər Əliyev Mərkəzində “Azərbaycan və Gürcüstanda turizm və perspektivlər” seminarı keçirilmişdir. Arxeoloji turizm üzrə ekspert, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli və Gürcüstan Golden Travel Georgia turizm şirkətinin direktoru İrakli Ephremidze hər iki turizm şirkətinin fəaliyyətindən, ölkələrimizin turizm perspektivlərindən bəhs etmişlər. Fariz Xəlilli arxeoloji turizm sahəsində Miras İctimai Birliyinin Heritage Travel turizm şirkəti ilə müştərək atdığı addımlar və icra etdiyi layihələrdən danışmış, bu barədə hazırlanmış qısa film və şirkətin tanıtım videosu qonaqlara təqdim edilmişdir. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və İslam Konfransı Təşkilatının COMCEC bölməsi ilə birgə işləyəcəyi “Türkiyə, Azərbaycan, Qazaxıstan və Özbəkistanda mədəni turizm mübadiləsinin inkişaf etdirilməsi” adlı layihədə baş ekspert olan Fariz Xəlilli layihənin əhəmiyyətindən və onun türk dünyası ölkələrinin mədəniyyət abidələrinin turizm obyektinə çevrilməsində böyük rolundan, gələcəkdə Gürcüstan və Azərbaycan arasında da oxşar mədəni irs turları təşkil edilə biləcəyindən danışıb. Daha sonra çıxış edən MİRAS İctimai Birliyinin şöbə müdiri Şölə Bayramova Azərbaycanda turizm potensialı və investisiya mühiti haqqında danışıb. Seminarda tələbələrin sualları cavablandırılıb və qarşılıqlı fəaliyyətin genişləndirilməsinə dair təkliflər verilib.
Gürcüstanlı qonaqlar Azərbaycanda olduqları müddətdə Ağsuda arxeoloqlar tərəfindən yeni aşkara çıxarılmış orta əsrlərə aid Şıxməzid abidə-kompleksi, Ağsu məscidi, Şamaxı Tarix və Diyarşünaslıq Muzeyi, Cümə Məscidi, Basqal İpək Mərkəzi, eləcə də Az-Granata Şirə və Şərab İstehsalı Müəssisəsində olmuşlar.
Gürcüstanlı qonaqlar Bakıda Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycan-Gürcüstan Parlamentlərarası Dostluq qrupunun sədri Qənirə Paşayeva ilə görüşmüşlər. Onlar Fəxri Xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət etmişlər. Qənirə Paşayeva qonaqlara ölkələrimiz arasındakı mədəni əlaqələrdən danışmış, arxeoloji turizm sahəsində MİRAS İctimai Birliyi və Heritage Travel turizm şirkətinin gördüyü işləri yüksək qiymətləndirmişdir. Qənirə Paşayeva bu əməkdaşlıq layihəsinin ölkələrimiz arasındakı dostluğun və birliyin gücləndirilməsi istiqamətində faydalı olacağını əminliklə bildirib.
Görüşlər çərçivəsində Azərbaycan və Gürcüstan turizm sektorunun təmsilçilərinin World Business Center-də birgə növbəti seminarı keçirilmişdir. Seminarda Azərbaycan və Gürcüstanın turizm obyektləri, beynəlxalq və regional mədəni irs turları haqqında təqdimatlar olmuş və müzakirələr aparılmışdır. Seminarda Golden Travel Georgia şirkətinin direktoru İrakli Ephremidze və Bakı Turizm Kollecinin müəllimi Tərlan Quliyev məruzə etmişlər. Heritage Travel və Golden Travel Georgia şirkəti arasında Transqafqaz ölkələri mədəni irs turizmi layihəsinin başlanma mərhələsi ilə bağlı son təkliflərlə bağlı fikir mübadiləsi edilmişdir. Sonra MİRAS İctimai Birliyi və Georgia for Friends Assossasiyası arasında əməkdaşlıq memorandumu imzalanmışdır.
Gürcüstanlı qonaqlara Azərbaycanın mədəni irsi, yerli ənənə və dəyərləri, tarixi inciləri yüksək şəkildə təqdim olunmuşdur. Qonaqlar Ağsudan yüksək təəsürratlarla ayrılmışlar.


 

Oxunub : 7719