AZE ENG
Facebook
Twitter Google Myspace
“Gənclər üçün Bədii Fotoqrafiya və Fotobərpadan Ustad Dərsləri” layihəsi ictimaiyyətə təqdim edildi
13-4-2014

Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi və “V.S. Training Center” Psixoloji Təlim Mərkəzinin tərəfdaşlığı ilə həyata keçirilən layihə C kateqoriyasında qalib gəlmişdir.
Layihənin əsas məqsədi gənclərin fotoqrafiya ilə peşəkarcasına məşğul olmalarına marağı artırmaq və beləliklə onlara yeni peşə əldə etmək imkanı yaratmaqla yanaşı, milli irsimizin salnaməsini yaratmağa təşviq etməkdir.
Tədbiri “V.S. Training Center” Psixoloji Təlim Mərkəzinin əməkdaşı Toğrul Muxtarov açdı və layihə haqqında qısa məlumat verdi.
Sonra layihə iştirakçıları və qonaqlar özlərini təqdim etdilər və təlimlər haqqında ilk dəfə məlumatı necə əldə etdikləri barədə məlumat verdilər.
Layihənin tərəfdaşı olan MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin Mədəni İrs şöbəsinin müdiri Gülşən Hüseynova Birliyin mədəni irsin öyrənilməsi, qorunması və təbliği istiqamətində fəaliyyətindən danışdı, gənclərlə işin əsas istiqamətlərdən biri olduğunu vurğuladı. O, eyni zamanda, 19-21 noyabr 2013-cü il il tarixlərində Misirin paytaxtı Qahirə şəhərində Qahirə Universitetinin Arxeologiya fakültəsinin Konservasiya şöbəsi və İtaliyanın Katania Universitetinin Kimya Elmləri şöbəsinin elmi-işçi heyətinin birgə əməkdaşlığı əsasında keçirilmiş “Antik fotoların konservasiya-bərpası” üzrə seminar və təlim haqqında məlumat verdi. Burada “foto tarixi”, “aşkarlama prosesinin kimyəvi əsasları”, “fərqli neqativlərdə çəkilən fotolar”, “kimyəvi proseslərin pozitiv və ya neqativlərə təsiri”, “fotonun optik əsasları” mövzularının işıqlandırıldığını, tədbirdə MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin üzvləri Elnur Əliyev və Zəka Babazadənin fəal iştirak etdiyini qeyd etdi. Natiq bu günkü tədbirin məhz təlimçinin təlimi təcrübəsi üzrə davam etdiyini və Zəka Babazadənin layihə rəhbəri kimi biliklərini digər gənclərlə paylaşmasını müsbət hal kimi dəyərləndirdi. 86 iştirakçının təlimlərdə fəallıq göstərəcəyini və Azərbaycanın nadir fotolarının bərpasının sonda gözəl, maraqlı sərgi ilə başa çatacağına inamını ifadə edərək, layihəyə və iştirakçılara uğurlar arzuladı.
Layihə rəhbəri Zəka Babazadə layihənin 4 mərhələdə ibarət olacağını və ilk mərhələnin – seçim bölümünün artıq başa çatdığını söylədi, sonrakı mərhələlərin təlimlər, fotobərpa və onlayn sərgi olacağını bildirdi. Zəka Babazadə həmçinin təlimçini - Azərbaycan fotoqrafiya sənətində peşəkarlığı ilə tanınan Məmməd Rəhimovu iştirakçılara təqdim etdi. Maliyyələşmənin az olmasını nəzərə alaraq aşkarlanmanın kimyəvi əsasları ilə bağlı gələcəkdə layihənin davamı olacağını söylədi.
Sonra layihənin “V.S. Training Center” Psixoloji Təlim Mərkəzinin direktoru Vüsalə Qocayeva VS Training Center olaraq təlimə böyük əhəmiyyət verdiklərini bildirdi və fotonun psixoloji məqamları haqqında fikirlərini səsləndirdi. Vüsalə xanım həmçinin qədim fotoların bərpasının həqiqətən də xeyirxah bir iş olduğunu bildirərək layihə iştirakçılarını təbrik etdi və onlara uğurlar arzuladı.
Tədbirin sonunda təlim iştirakçılarının çoxsaylı sualları cavablandırıldı və çay süfrəsi ətrafında tanışlıqla başa çatdı.

Oxunub : 3957