AZE ENG
Facebook
Twitter Google Myspace
MİRAS “TƏMİZ KƏND”İN YENİ MƏRHƏLƏSİNDƏ
21-7-2014

MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi 2014-cü ilin mart ayından “Təmiz kənd - yerli icmaların iştirakı ilə ekoloji və etnoqrafik identikliyin qorunması və davamlı inkişafı” adlı layihə həyata keçirir. Layihə Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə gerçəkləşdirilir.

Layihə çərçivəsində birliyin əməkdaşları 17-19 iyul 2014-cü il tarixlərində Ağsu rayonunun Çiyni, Gəgəli və Ülgüc kəndlərində bələdiyyə işçiləri və yerli icmaların nümayəndələri üçün maarifləndirici təlimlər keçiriblər. Ekologiya, mədəni irs, turizm və şəhərsalma üzrə mütəxəssislərin cəlb olunduğu təlimlərdə məişət tullantılarının ətraf mühitə, insan sağlamlığına, eləcə də bölgənin ümumi inkişafına mənfi təsirləri və onların aradan qaldırılması yollarından bəhs olunub, iştirakçılara bu istiqamətlərdə müvafiq tövsiyələr verilib. Yerli icmaların nümayəndələri həmçinin ətraf mühitin qorunması haqqında mövcud qanunvericilik, bölgədəki ekoloji durum, mədəni irs abidələri, kənd yerlərində turizmin inkişaf etdirilməsi imkanları haqqında məlumat alıblar.
MİRAS İB-nin sədri, layihənin rəhbəri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli hər üç kənddə təlim iştirakçılarını layihə çərçivəsində daha əvvəl burada aparılmış ekoloji və etnoqrafik durumun monitorinqi və araşdırılması, eləcə də sorğuların nəticələri ilə tanış edib. Məlum olub ki, hər üç kənddə ətraf mühitin qorunması ilə bağlı ciddi problemlər var, məişət tullantılarının planlı, operativ və mütəşəkkil qaydada toplanmaması, ərazilərin çirkli olması həmin yerlərdəki tarix və mədəniyyət abidələrinin aşkara çıxarılıb tədqiq edilməsinə mane olur, bölgəyə turistlərin cəlbi ilə bağlı problemlər yaradır.
Daha sonra MİRAS İB sədrinin müavini, layihənin əlaqələndiricisi Arzu Soltan Azərbaycanda ətraf mühitin qorunmasına dövlət tərəfindən nə qədər əhəmiyyət verildiyinin göstəricisi kimi bu istiqamətdə yaradılmış rəsmi qurumlar, qanunlar, proqramlar, eləcə də beynəlxalq konvensiyalar haqqında danışıb. Dünyanın bundan sonrakı inkişafının məhz ekoloji problemlərin həllindən asılı olduğunu hamımızın anlamalı olduğumuza diqqəti çəkib.
Ekoloq-ekspert Gülşən Hüseynova Çiyni və Ülgüc kəndlərində “Qlobal iqlim dəyişmələri”, içməli su qıtlığının daha kəskin duyulduğu Gəgəli kəndində isə, “İçməli su problemləri” mövzusunda çıxışlar edib. Ekoloq-ekspert Elmira Abasova hər üç kənddə ətraf mühitin mühafizəsinin əhəmiyyətindən danışıb və hər kəndin özünəməxsusluqlarını nəzərə alaraq tövsiyələrini verib. Miras üzvü, gənc turizmçi Aidə Məlikova dünyada kənd turizminin inkişaf təcrübəsi və Ağsu rayonunun kəndlərinə bu təcrübələrin tətbiqi imkanları barədə məlumat verib. Şəhərsalma üzrə mütəxəssis, professor Ağasəlim Əzizov isə, kənd yerlərində müfəssəl plan layihəsinin mövcudluğunun əhəmiyyətindən danışıb.
Təlimlərdə Miras İdarə Heyətinin üzvü, fotoqraf Məmməd Rəhimov, birliyin üzvləri Pərvanə Əzimova, Rahim Rəhimli və başqaları da fəal iştirak ediblər.
“Təmiz kənd” layihəsi çərçivəsində keçirilən təlimlər Çiyni, Ülgüc və Gəgəli kəndləri icmalarının nümayəndələri tərəfindən maraqla qarşılanıb. Təlimlər qarşılıqlı sual-cavab, təklif və tövsiyələr şəraitində keçib. Qərara gəlinib ki, kənd ictimaiyyətinin nümayəndələrindən ibarət könüllü qrupları yaradılsın, ekspertlərin təlimatları əsasında layihənin icraçıları ilə birlikdə kəndlərdə təmizlik işləri aparılsın və gələcəkdə ekoloji təmiz kənd mühitinin saxlanması yolları axtarıb tapılsın.
Tədbirin sonunda hər üç kəndin məktəb və kənd kitabxanalarına ekologiya və etnoqrafiya mövzularında, eləcə də MİRASın nəşrlərindən ibarət kitab və kitabçalar hədiyyə edilmişdir.
Qeyd edək ki, layihə avqust ayında da davam edəcək.

Oxunub : 3986