AZE ENG
Facebook
Twitter Google Myspace
I YOCOCU Ağsu Məktəbi Yekunlaşdı
11-10-2014

6-12 oktyabr tarixlərində Ağsu şəhərində MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin təşəbbüsü, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Ağsu rayonu İcra Hakimiyyətinin dəstəyi ilə Arxeoloji Turizm Kompleksində tələbə və gənc mütəxəssislər üçün I YOCOCU (Mədəni İrsin Konservasiyasında Gənclər) Ağsu Məktəbinin 5 günlük kursu yekunlaşıb. Kurs arxeoloji sahələrin konservasiyası, bərpası və idarə olunması üzrə keçirilib.
Azərbaycanda bərpa və konservasiya sahəsində ilk dəfə açılmış məktəbdə iştirakçılar konservasiya, bərpa sahəsində mühüm bilik və təcrübələrə yiyiələnmiş, çoxistiqamətli yanaşma əsasında arxeoloji sahələrin konservasiya və idarə olunması məsələlərini müzakirə ediblər. Bu zaman ən səmərəli üsullar seçilib.
Kurs müddətində Ağsu arxeoloji sahəsinin tarixi və inkişafı; regionda mümkün risklər,
çürümə mexanizmi-bərpa prinsipləri, tədqiqat işləri və s. bu kimi mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb.
Orta əsr Ağsu şəhəri tapıntıları müzakirə olunmuş, onlar haqqında məlumatın toplanması, saxlanma və sənədləşdirmə işləri aparılıb. Mikroiqlim parametr nümunələri və onların interpretasiyası, laboratoriyada təcrübə işlərinin aparılması, stratiqrafik üsulların təqdim olunması dünya təcrübəsində müqayisəli şəkildə verilib.
Dərslər Azərbaycan, İtaliya, Türkiyə və Perudan olan konservasiyaçı və bərpaçı alimlər tərəfindən ingilis dilində aparılıb.
İştirakçılara mənimsədiklərini təqdim etmək üçün imkanlar yaradılmış, qrup şəklində elmi tədqiqat, konservasiya və bərpa məsələlərinin praktik işlərini əks etdirən təqdimatlar hazırlanıb.
Mədəni irsin bu və digər sahələri ilə bağlı bu kimi və digər yönlü tədbirlərin dövlət tərəfindən dəstəkləndiyi və daha geniş miqyasda keçirilməsi üçün müvafiq müraciətlərin dövlət orqanlarına yönəldilməsi önə çəkilib.
İştiraçılara sonda sertifikatlar təqdim olunub.
5 gün və 40 iştirakçının qoşulduğu Ağsu məktəbi Şeyx Dursun abidəsi və Az-Granata Şirə və Şərab emalı zavoduna ziyarətin təşkil olunması ilə başa çatıb.
Kurslara “Miras” İctimai Birliyinin tarixçi, rəssam və turizm sahəsindəki üzvləri, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Qafqaz Universiteti, Xəzər Universiteti və Rəssamlıq Akademiyasının tələbələri, eləcə də Mədəniyyət və Turizm Nazirliyinin nəzdində fəaliyyət göstərən "Yanardağ" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun, “Şabran Şəhəri” Tarix-Mədəniyyət Qoruğunun, “Çıraqqala” Tarix və Memarlıq Qoruğunun, “Atəşgah” məbədinin, Zaqatala Dövlət Təbiət Qoruğunun nümayəndələri və AMEA Milli Azərbaycan Tarixi Muzeyinin, Nizami Gəncəvi adına Milli Ədəbiyyat Muzeyinin və Ağsu məktəblərindən olan müəllim heyəti qoşulublar.
 

Oxunub : 3802