AZE ENG
Facebook
Twitter Google Myspace
“Azərbaycan arxeologiyası məktəblilərin gözü ilə" seminarı başa çatdı
8-10-2012

Oktyabrın 8-də saat 14.00-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Milli Azərbaycan Tarixi Muzeyində bu muzeyin, Ağsu arxeоlоji ekspedisiyasının, “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının(ATGTİ), “Yeni istedadlar” uşaq və gənclər təşkilatının və N.Nərimanov adına kütləvi kitabxananın birgə təşkilatçılığı ilə “Azərbaycan arxeologiyası məktəblilərin gözü ilə” mövzusunda tədbirlər silsiləsindən sonuncu seminar keçirilib.
Tədbirin keçirilməsinin əsas məqsədi məktəblilərin dünyagörüşünün hərtərəfli inkişafına dəstək olmaq, onların mədəniyyət ocaqlarımıza olan marağını artırmaq, onların gözü ilə bu sahədəki problemləri müəyyən etməkdən ibarətdir. Tədbir iştirakçıları bir sıra məktəblərin müəllim və şagird kollektivi olub.
14.00-da tədbir iştirakçıları Milli Azərbaycan Tarixi Muzeyinin sərgi zalında nümayiş etdirilən “Ağsu möcüzəsi”adlı sərgiyə baxaraq, Ağsu оrta əsr şəhər yerində aparılmış qazıntılar zamanı aşkar olumuş arxeoloji materiallarla tanış оlublar.
Sonra AMEA-nın vitse-prezidenti, Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı “Muzeylərdə mədəni irsin mühafizəsi və təbliği”, Ağsu ekspedisiyasının rəisi, tarix elmləri doktoru Qafar Cəbiyev “2010-ci ildə Ağsuda arxeoloji tədqiqatların nəticələri”, bu ekspedisiyanın rəis müavini, Milli Azərbaycan Tarixi Muzeyinin şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli “Miras Mədəni irsin öyrənilməsinə kömək ictimai birliyi”, “İrəli” İctimai Birliyi Tarix Mərkəzinin rəhbəri Aliyə Qurbanova “Mədəni irsin qorunması və təbliğində Azərbaycan gənclərinin rolu”, “Müasir İnkişaf” İctimai Birliyinin sədr müavini Tariyel Vəliyev “Cəmiyyətin müasir inkişafında mədəni irsə münasibət və qayğı”, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının(ATGTİ) sədri Şahin İsmayılov “Tələbə Gənclər Təşkilatları və mədəniyyət ocaqlarımız” mövzusunda çıxışlar ediblər. Çıxışlarda qədim şəhərdə qazıntı işlərinin gedişindən, tədqiqatların uğurlu nəticələrindən, əldə olunan nailiyyətlərdən, maddi və mənəvi irsimizin qorunması və təbliği məsələlərindən, bu sahələrdə məktəblilərin və gənclərin rolundan söz açıldı.
Seminarın sonunda iştirakçılar arasında açıq diskussiya aparılıb. Diskussiyada fərqlənən şagirdlər mükafatlandırılıb.
Nəhayət sonda Əməkdar Artist Məcnun Kərimovun rəhbərlik etdiyi qədim musiqi alətləri ansamblı maraqlı konsert proqramı ilə çıxış etmişdir.

Oxunub : 3108