AZE ENG
Facebook
Twitter Google Myspace
MİRAS Türkiyədə turizm sərgisində iştirak edib
14-2-2013

Fevralın 14-də Türkiyənin Ordu şəhərində Qaradəniz Turizm Sərgisinin açılışı olub. Bu şəhərdə birinci dəfə təşkil olunan sərgiyə Azərbaycan, Gürcüstan, Qırğızıstanla bərabər Qaradəniz bölgəsinin 11 şəhərindən 55 qurum qatılıb.
Azərbaycanı sərgidə MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi və Heritage Travel Turizm şirkəti təmsil edir.
Ordu Mədəniyyət və Turizm Mərkəzində baş tutan açılış mərasimində Ordu valisi Orhan Düzgün, Samsun valisi Hüseyn Aksoy, Sinop valisi Ahmet Cengiz, Amasiya valisi Abdil Cəlil Öz, Girəsun valisi Dursun Əli Şahin, Ordu şəhər qarnizon komandiri polis polkovniki Şərəf Çakmak və tanınmış iş adamları iştirak edb. Ordu valisi Orhan Düzgün çıxışında Qaradəniz bölgəsində son illərdə qonaq qəbul etmək imkanlarının ciddi şəkildə artdığını, bölgənin yay və qış turizmi baxımından bütövlükdə Türkiyədə bu sahədə önəmli paya sahib olduğunu vurğulayıb. Vali sərginin bu bölgənin tanınmasında çox önəmli rol oynayacağına inandığını deyib.
Açılış mərasiminin bədii hissəsində Qaradəniz bölgəsindən olan müxtəlif sənətçilərlə yanaşı, Miras musiqi qrupu da Azərbaycan muğamlarını təqdim edib.
Qeyd edək ki, MİRAS İctimai Birliyinin sədri Fariz Xəlilli, sədr müavini Arzu Soltan, şöbə müdirləri Albina Rzayeva, Nicat Nuriyev, Heritage Travel şirkətinin əməkdaşları Valeh Cəfərov və Zəka Babazadə ilə sərgidə təmsil olunan nümayəndə heyətimiz də Azərbaycanın turizm imkanlarını sərgi ziyarətçilərinə nümayiş etdiriblər. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin və Heydər Əliyev Fondunun istehsalı olan müxtəlif kitablar, jurnallar, CD-lər sərgiyə gələnlərə paylanır. Eləcə də, sərgidə MİRAS İB-nin və Heritage Travelin nəşrləri- jurnallar, kitablar, flayerlər, CD-lə və başqa tanıtma materialları yayılıb. Eyni zamanda sərgiyə qatılan müxtəlif turizm şirkətləri, səyahət agentlikləri, otellər və s. ilə əməkdaşlıq qurulur, razılaşmalar əldə olunub.
Fevralın 15-də MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi Türkiyənin Ordu şəhərindəki Ordu Universitetində “Arxeoloji və ekoloji miras” mövzusunda seminar keçirdi.
Seminar iştirakçılarına əvvəlcə MİRAS İctimai Birliyinin Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyilə istehsal etdiyi “Azərbaycan abidələr diyarıdır” sənədli filmi nümayiş olundu.
Daha sonra birliyin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli “Azərbaycanda ekoarxeoloji araşdırmalar” mövzusunda çıxış etdi. Fariz Xəlilli çıxışında Azərbaycanda tarixən istifadə olunan təbii boyaq və ənənəvi tikinti materiallarından bəhs edərək, tədqiqatlar zamanı onların daha dərindən öyrənilməsinin və yenidən həyata qaytarılmasının əhəmiyyətindən danışdı.
MİRAS İctimai Birliyinin sədr müavini Arzu Soltan “Ağsuda arxeoloji qazıntılar və MİRAS İctimai Birliyi” başlıqlı çıxışında birliyin fəaliyyətindən və mədəni irsimizi dünyada tanıtmaq istiqamətində gördüyü işlərdən bəhs etdi.
Ordu Universiteti rektoru, professor Tarık Yarılqaçın, professor və müəllim heyətinin iştirakı ilə keçirilən seminar sual və müzakirələrlə davam etdirildi. Professor Tarık Yarılqaç seminar üçün MİRAS İctimai Birliyinin nümayəndə heyətinə təşəkkürünü bildirdi, Fariz Xəlilli və Arzu Soltana plaketlər təqdim etdi. MİRAS İctimai Birliyinin sədri Fariz Xəlilli yaradılmış şəraitə görə, Ordu Universitetinə minnətdarlığını bildirdi, Universitetin rektoru, professor Tarık Yarılqaça plaket təqdim etdi.

MİRAS İctimai Birliyinin nümayəndə heyəti sərgi ilə yanaşı, Ordu və Giresunda müxtəlif mədəni tədbirlərdə iştirak etmişlər. Fevralın 16-da nümayəndə heyəti Giresun vilayətinin Bulancak qəsəbəsinin bələdiyyə sədri Kadir Aydın tərəfindən qəbul edilib. Görüş zamanı qarşılıqlı əməkdaşlığın perspektivləri müzakirə olunub. Qəsəbədə yaradılması nəzərdə tutulan etnoqrafiya muzeyinin qurulması layihəsi üzərində birlikdə çalışmaq haqqında ilkin razılıq əldə olunub.
Elə həmin gün Giresun Univeristetinin azərbaycanlı rektoru, professor Aygün Attar MİRAS heyətini qəbul edib, onlara Azərbaycanın mədəni irsi və turizm potensialının təbliği istiqamətində gördükləri işlərdə istənilən köməyi etməyə hazır olduğunu bildirib. MİRAS Musiqi qrupunu Giresun Universiteti Dövlət Konservatoriyasının konsertində iştirak etməyə dəvət edib.
Bulancak qəsəbəsinin İnece kəndinə gedən MİRAS heyəti etnoqrafik turizm mərkəzinə baş çəkib. Yerli sakinlərin Baba ocağı adlandırdığı mərkəzdə adət-ənənələrlə bağlı mərasim, canlı musiqi, milli mətbəxlə tanışlıq baş tutub. Miras Musiqi qrupu da tədbirdə fəal iştirak edib.
Fevralın 17-də MİRAS heyəti Ordunun Bayadı kəndindəki Kurul qayası arxeoloji abidəsinə baş çəkiblər. Burada 2010-cu ildən aparılan arxeoloji qazıntılar nəticəsində açıq hava altında məbəd və yeraltı qala aşkar olunub. Türkiyə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən qorunan abidədə bizim eradan əvvəl birinci əsrə aid tapıntılar var.
Giresunda Qara dəniz yolu üzərində tikilmiş möhtəşəm Sarayburnu məscidini ziyarət edən MİRAS heyəti, burada Səlcuq və Osmanlı memarlığının vəhdətini yaratmış Ərənlər Sarayburnu Camisi Xeyirli Xidmətlər Kültür və Həmrəylik Fondunun sədri Yusif Ziya Sipahi ilə görüşüblər.
Səfərin son günü Giresun Universitetinin rektoru, professor Aygün Attarın dəvətilə nümayəndə heyətimiz universitetin təşkil etdiyi Giresunspor idman klubuna dəstək konsertində iştirak edib. 6000-dən çox tamaşaçının toplandığı salonda MİRAS Musiqi Qrupunun üzvləri, tarzən Mehman Mikayılov, kamança ustası Cahandar Mikayılov, muğam ifaçıları Ruslan Adgözəlov və Türkay Məlikovanın çıxışı böyük hərarətlə qarşılanıb.
Səfər çərçivəsində kollektiv Azərbaycan turizmini tanıtmaqla yanaşı, Türkiyənin turizm potensialı ilə də yaxından tanış olmağa çalışıb.

 

Oxunub : 3024