AZE ENG
Facebook
Twitter Google Myspace
I Mədəni İrs Olimpiadasının qalibləri mükafatlandırılıb
28-5-2013

 MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi və AMEA Mərkəzi Elmi Kİtabxanasının birgə təşkilatçılığı ilə gənclər arasında keçirilən I Mədən İrs Olimpiadasının yekun tədbiri və mükafatlandırma mərasimi Mərkəzi Elmi Kitabxanada baş tutmuşdur.
AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru, professor Aybəniz Əliyeva-Kəngərli təbdiri giriş sözü ilə açmış, gəncləri olimpiadanın yekunlaşması münasibətilə təbrik etmişdir. MİRAS İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli olimpiada haqqında məlumat qısa məlumat verərək qeyd etdi ki, olimpiadanın mərhələləri tarixi günlərə (18 aprel - Tarixi yerlər və abidələr günü, 18 may – Belnəlxalq Muzeylər günü) həsr edilmişdi. Bu gün isə Azərbaycan Xalq Cümhuriyyətinin 95 illiyini qeyd edirik, bu da tarixi irsimizin bir parçasıdır.
AMEA-nın müxbir üzvü Vəli Əliyev, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, professor Teymur Kərimli, AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru, professor Fəxrəddin Veysəlli mədəni irsimizin öyrənilməsi, qorunması və təbliği sahəsində dövlət siyasəti və görülən işlər haqqında məlumat verdilər. Natiqlər Azərbaycan xalqının mədəni irsinin nəinki ölkə daxilində, ölkədən xaricdə də diqqət mərkəzində olduğunu vurğuladılar.
Daha sonra ilk dörd yeri tutmuş gənclərə diplomlar və digər iştirakçılara sertifikatlar təqdim edilmişdir. Fariz Xəlilli bildirdi ki, gənclər arasında mədəni irsə münasibət baxımından aktivliyi artırmağa xidmət edən olimpiadaya Azərbaycanın müxtəlif universitet və elmi müəssisələrindən 50-dən çox iştirakçı qatılmış, III mərhələyə 15 nəfər keçmişdir. İlk dörd yeri tutan gənclər aşağıdakılardır:
1. Aida Bayramova – Azərbaycan Turizm İnstitutu;
2. Aidə İsmayılova – AMEA Milli Azərbaycan Tarixi Muzeyi;
3. Məhbarə Abbasova – Azərbaycan Dövlət Rəssamlıq Akademiyası;
4. Şəfa Mövsümov – AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu.
Yekunda Aybəniz Əliyeva-Kəngərli olimpiadanın davamlı olacağına, gələn il II Mədəni İrs Olimpiadasında gənclərin daha aktiv iştirak edəcəyinə inandığını vurğulamışdır.

Oxunub : 3062