AZE ENG
Facebook
Twitter Google Myspace
“Gənclər üçün ustad dərsləri: Bədii Fotoqrafiya və Fotobərpa” layihəsi başa çatdı
23-11-2014

 “Gənclər üçün ustad dərsləri: bədii fotoqrafiya və fotobərpa” Layihəsinin yekunlaşması ilə əlaqədar olaraq 23 noyabr 2014-cü il tarixində WBC’də (World Business Center, II mərtəbə qırmızı zal) tədbir keçirilib. Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti Yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə C kateqoriyası üzrə “Gənclər üçün ustad dərsləri: Bədii Fotoqrafiya və Fotobərpa” layihəsi əsasında dərslər keçilib. Bu layihədə V.S Training and Psychology Centre və Miras İctimai Birliyi də tərəfdaşlıq ediblər.
Tədbiri Miras Mədəni İctimai Birliyinin sədri Fariz Xəlilli açaraq ilk növbədə layihənin uğurla yekunlaşması və www.photograph.az saytın təqdimatı münasibətilə təbrik edib. V.S Training and Psychology Mərkəzin müdirəsi Vüsalə xanım insan düşüncəsinin fotolara yansımasından danışaraq iştirakçıları təbrik edib və hamıya uğurlar arzulayıb. Azərbaycan Fotoqraflar Birliyinin üzvü fotograf Vüqar İbadov gənclərə bu sahədə uğurlar arzulayıb. Məmməd Rəhimov bütün tələbələrinə fotoqrafiya sahəsində atacaqları addımda hər zaman onlara dəstək olacağını bildirib. Layihənin bütün yükünü öz çiyinləri üzərinə götürmüş Zəka Babazadə çıxış edərək bu sahədə çalışmaq istəyən gənclərlə bundan sonra da əlaqə saxlayacağını bildirib. Saytın ərsəyə gəlməsində rolu olan İmage Production www.photograph.az saytının təqdimatını apararaq, gənclərə istifadə qaydalarını izah etdi.
Qeyd edək ki, foto dərslərdə əsas məqsəd layihədə iştirak etmək üçün bir araya toplaşmış gənclərin fotoqrafiyaya olan marağını artırmaq, onlara bugün bu sahədə tətbiq edilməyən xırda nüanslarını-fotobərpada dünya təcrübəsindən əldə olunan bilikləri öyrətmək, fotoqrafiyanın digər janrları ilə tanış etmək, vəziyyətə və şəraitə görə fotoaparatın qanunauyğunluqlarını öyrətmək və s. öz əksini tapıb. Layihə əsnasında praktik dərslərə üstünlük verilirdi ki, bu da gənc fotoqrafların bu sahəni asanlıqla qavramasına geniş imkan yaradıb. Layihənin əsas aparıcı müəllimi Məmməd Rəhimov foto sənətinin bu gün aktual olan tərəfləri ilə yanaşı gənclərə bu sahəni fərqli prizmadan da təqdim etməyə çalışıb. Layihə çərçivəsində digər müəllim Zəka Babazadə öz praktik və Misir Ərəb Respublikasının Qahirə universitetində fotoqrafiya və fotobərpa sahəsi üzrə aldığı bilikləri gənclərlə paylaşaraq praktik şəkildə öyrədib.
Layihədə iştirak edən gənclər müxtəlif ixtisas və peşə sahibləri olsalar da bu sahəyə xüsusi maraq göstərən, dərindən yiyələnmək istəyən gənclər üstünlük təşkil ediblər. Sözsüz ki, bu layihədə əsas məqsəd ilk növbədə ölkəmizdə gənc sənət hesab olunan fotoqrafiya sahəsində gənclərə dəstək olmaqdan ibarət olub.
Layihənin nəticəsi olaraq www.photograph.az saytının təqdimat mərasimi keçirilib. Saytda bütün layihə iştirakçılarının praktika nəticəsində yiyələndikləri biliklərin təcəssümü olaraq onların foto sahəsində əldə etdikləri ən uğurlu fotoşəkillər bölmələr üzrə yer alır. Gənc fotoqraflara dəstək olaraq, saytda hər bir iştirakçının adına fərdi səhifə açıqdır və gənc fotoqraf istənilən an öz səhifəsinin üstünlüklərindən yararlana bilər.
Tədbirin sonunda “Gənclər üçün ustad dərslər: bədii fotoqrafiya və fotobərpa” layihəsində iştirak edən bütün gənc fotoqraflar sertifikatla təltif olundular.

Oxunub : 2855