AZE ENG
Facebook
Twitter Google Myspace
Makedoniyada konfrans keçirilib
19-1-2015

Yanvarın 17-18-də Makedoniyanın Ohrid şəhərində III Beynəlxalq Mədəni İrs, Yerli İqtisadi İnkişaf, Turizm və Media arasında İnterdisiplinar Əlaqələrə Baxış Konfransı keçirilib. Konfransı Makedoniya Sosial Mədəni Antropologiya İnstitutu, ESRA Audiovizual İncəsənət Universiteti, HAEMUS Elmi Tədqiqatlar və Mədəniyyətin İnkişafı Mərkəzi və Azərbaycanın MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi birgə təşkil edib.
Konfrans yanvarın 17-də Belorus tərəfinin hazırladığı "Müqəddəs Sofiya Kilsəsi: Ohriddən Polotska" adlı foto-sərgisi ilə başlayıb. Xatırladaq ki, ildə bir iştirakçı ölkəyə belə bir sərgi təşkil etmək imkanı yaradılır və 2014-cü ildə konfrans Azərbaycanın mədəni irsinə həsr olunmuş sərgi ilə başlamışdı.
Konfransın açılış mərasimində Makedoniya Sosial Mədəni Antropologiya İnstitutunun direktoru Dr. Rubin Zemon, Ohrid şəhəri merinin müavini Angel Janev, MİRAS İctimai Birliyinin sədri Dr. Fariz Xəlilli, ESRA Audiovizual İncəsənət Universitetinin professoru Miso Netkov, HAEMUS Elmi Tədqiqatlar və Mədəniyyətin İnkişafı Mərkəzinin sədri Vasilka Dimitrovska, Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının sədr müavini Qafar Cəbiyev və başqaları çıxış edərək içtirakçıları salamlayıblar. Artıq 3-cü dəfə keçirilən konfransın əməkdaşlıq üfüqlərinin genişlənməsinə ciddi təsir etdiyi vurğulanıb.
Konfransda Makedoniya, Albaniya, Rusiya, Litva, Serbiya, Bosniya və Hersoqovina, Bolqarıstan, Belarus, Polşa və b. daxil olmaqla 14 ölkəni təmsil edən tədqiqatçı və alimlər məruzə ilə çıxış ediblər. Azərbaycanı konfransda müxtəlif elmi müəssisə və universitetlərdən 15-ə yaxın alim və tədqiqatçı təmsil edib. Bununla yanaşı, müxtəlif ölkələrdən MİRAS İctimai Birliyi ilə əməkdaşlıq edən elm adamları da konfransa qoşulublar.
Azərbaycanı təmsil edən Prof.Dr. Qafar Cəbiyevin "Azərbaycanda tarixi mədəni irsin mühafizəsi və təbliğində televiziyaların rolu", Prof.Dr. Kübra Əliyevanın ("Bəla" və "Bədnəzər"ə qarşı mübarizə üsulları və onların Azərbaycan arxeologiyası, incəsənəti və mifologiyasında rəmzləri), Dr. Həbibə Əliyevanın (Mədəni irsin mühafizəsində muzeylərin rolu və problemləri), Dr. Nəzmin Cəfərovanın (Azərbaycanın Milli Muzeyləri), Dr. Göyərçin Mustafayevanın (Tənha, unudulmuş və talan edilmiş şair), Dr. Kamilə Mehdiyevanın (Azərbaycan tərəkəmələri və xalça məhsulları), Təranə Məmmədovanın (İsmayıllının mədəni irsi və turizm), Nigar Kərimovanın (Turizm baxımından tarixi abidələrin təbliği), Çexiyadan olan tədqiqatçı Qalina Woodun (Lahıc icması irsinin canlandırılması) kimi məruzələri böyük maraqla qarşılanıb. Eləcə də, MİRAS İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə icra etdiyi “Təmiz kənd - yerli icmaların iştirakı ilə ekoloji və etnoqrafik identikliyin qorunması və davamlı inkişafı” layihəsinin Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə səsləşməsi aspektindən təqdimatı da ciddi maraq doğurub. Müxtəlif ölkələrdən olan iştirakçılar layihənin təcrübəsi ilə maraqlanıblar və bu təcrübəni öz ölkələrində davam etdirmək arzularını bildiriblər.
Konfransda mədəni irsin media vasitəsilə qorunması və təqdim olunması, mədəni irsin turizm məqsədilə genişləndirilməsi, mədəni irsin və turizmin iqtisadiyyata təsiri, mədəni irsin turizm məhsulu kimi rəqəmsallaşdırılması, kollektiv yaddaşın rəqəmsallaşdırılması, mədəni irs, sosial şəbəkə, rəqəmsal rekonstruksiyalar, mədəni irsin 3D modelləşdirilməsi və turizm sahəsinə verilən qiymət, turizm məhsulu kimi mədəni irsdə reproduksiya texnikaları və sürət prototipi, folklor, etnomusiqişünaslıq, media və turizmin qiymətləndirilməsi və s. mövzularda məruzələr dinlənilib.
 

Oxunub : 3821