AZE ENG
Facebook
Twitter Google Myspace
MİRAS Fəxri Fərmana layiq görüldü
23-1-2015

Yanvarın 22-də Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2014-cü ildəki fəaliyyəti haqqında hesabat konfransı keçirib. Tədbirdə Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının rəhbərliyi, müxtəlif QHT-lərin nümayəndələri iştirak edib.
Şura sədri, Millət vəkili Azay Quliyev 2014-cü ilin Şura üçün uğurlu il olduğunu və yerinə yetirilən layihələrin aktuallığı və effektivliyi baxımından özünəməxsusluğunu qeyd edib. Ötən il ərzində Şura iki maliyyə yardımı müsabiqəsi elan edib. Şuraya 2014-cü il ərzində 768 təklif daxil olub. Bu təkliflərin 403-ü həyata keçirilib. Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2014-cü ildəki fəaliyyəti ilə bağlı video-rolik nümayiş olunub. Ötən maliyyələşmə ilində QHT-lər maarifləndirici tədbirlərə daha çox üstünlük verib.
Tədbirdə Şura tərəfindən maliyyələşdirilən 23 layihə müəllifi olmuş QHTlər fəxri fərmana layiq görülüblər. 2014-cü ilin mart-avqust aylarında “Təmiz kənd - yerli icmaların iştirakı ilə ekoloji və etnoqrafik identikliyin qorunması və davamlı inkişafı” layihəsini uğurla həyata keçirdiyi üçün MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri Fariz Xəlilli də Fəxri Fərmanla təltif olunub.
“Təmiz kənd - yerli icmaların iştirakı ilə ekoloji və etnoqrafik identikliyin qorunması və davamlı inkişafı” adlı layihəsinin əsas məqsədi sosial, iqtisadi və mədəni səviyyəsi eyni olmayan üç kəndin - Ağsu rayonunun Çiyni, Ülgüc və Gəgəli kəndləri timsalında ekoloji təmiz və etnoqrafik baxımdan cəlbedici kənd mühitinin yaradılmasına və bu kəndlərin başqa kənd yerlərinə nümunə olmasına yönəlib. MİRAS İctimai Birliyi 19-20 aprel 2014-cü il tarixlərində layihə çərçivəsində Ağsu rayonunun Çiyni, Gəgəli və Ülgüc kəndlərində monitorinq və əhali arasında sorğu keçirib. Ümumilikdə sorğuda 67 nəfər iştirak edib. Onlar müxtəlif yaş qruplarına, peşə ixtisasına malik insanlar olublar. Ekspertlər monitorinqin nəticələrini analiz ediblər və hesabat hazırlayıblar. Hesabat nəşr edilib və kəndlərdə, müvafiq qurumlarda paylanılıb. Kəndlərdə uyğun maarifləndirici təlimlərin keçilməsi üçün plan hazırlanıb. Plan əsasında 17-19 iyul 2014-cü il tarixlərində Ağsu rayonunun Çiyni, Gəgəli və Ülgüc kəndlərində bələdiyyə üzvləri və yerli icmaların nümayəndələri üçün maarifləndirici təlimlər keçirilib. Ekologiya, mədəni irs, turizm və şəhərsalma üzrə mütəxəssislərin cəlb olunduğu təlimlərdə məişət tullantılarının ətraf mühitə, insan sağlamlığına, eləcə də bölgənin ümumi inkişafına mənfi təsirləri və onların aradan qaldırılması yollarından bəhs olunub, iştirakçılara bu istiqamətlərdə müvafiq tövsiyələr verilib. “ Avqust ayında Ağsu rayonu Çiyni kənd stadionunda "Təmiz Kənd" I Mini Futbol turniri keçirilib. Bu maraqlı futbol yarışmasına "Təmiz kənd" layihəsi ilə əlaqəli olan Miras İctimai Birliyi, Ağsu-Ülgüc bələdiyyəsi, Çiyni bələdiyyəsi, Gəgəli bələdiyyəsinin futbol komandaları qatılıb. "Təmiz Kənd" I Mini Futbol turnirinin əsas məqsədi kənd gəncləri arasında zəif vəziyyətdə olan icma həmrəyliyini inkişaf etdirmək, eləcə də təmiz kənd mövzusunda gəncləri maarifləndirməkdən ibarət olub. Bakı şəhəri və rayon məktəblərində "Təbiət inciləri" foto müsabiqəsi keçirilib və məktəblilərin fotoları sərgilənib, onlar mükafatlandırılıb. Azərbaycan, İspaniya və Makedoniyada keçirilən beynəlxalq konfranslarda layihədən bəhs edən məruzələr olunub, maraqla qarşılanıb, təcrübə mübadiləsi üçün müraciətlər edilib. Layihənin təsiri ilə Ülgüc kəndində su artezian quyusunun fəaliyyətinin bərpası, Gəgəli kəndinə qaz çəkilişinin başlanması və kənd turizmini inkişaf etdirmək üçün "Tərəkəmə çərşənbəsi" folklor festivalının elan edilməsi, Çiyni kəndində Arxeologiya və Etnoqrafiya Mərkəzinin layihələndirilməsi işləri görülür. Layihənin davamlılığı üçün MİRAS İctimai birliyi gələcəkdə də pilot kəndlərdə fəaliyyətini davam etdirəcəkdir.
 

Oxunub : 3445