AZE ENG
Facebook
Twitter Google Myspace
Azərbaycan-Şimali Kipr Gənclərinin birgə Forumu
26-5-2012

Azərbaycan Respublikasının millət vəkili Gülər Əhmədovanın təşəbbüsü və Doğu Akdeniz Universiteti, oradakı Azərbaycan Cəmiyyəti və MİRAS İctimai Birliyinin birgə təşkilatçılığı ilə may ayının 24-də Şimali Kipr Türk Cümhuriyyətinin Qazimağusa şəhərində Azərbaycanın 28 may Respublika gününə həsr olunmuş Azərbaycan-Şimali Kipr Gənclər Forumu keçirilmişdir. “Dünyada Mənim Vətənim” layihəsi çərçivəsində baş tutan Forum “Mən örnək gəncəm” devizi altında reallaşmışdır.
Forumda Şimali Kipr Türk Cümhuriyyətinin prezidenti Dərviş Əroğlu çıxış etmişdir. Cənab Əroğlu öz nitqində Azərbaycanın Şimali Kipr Türk Cümhuriyyəti üçün qardaş ölkə olduğunu, Kipr türkünün Azərbaycanla bağlı hər məsələyə çox duyarlı davrandığını, Azərbaycanın hər keçən gün güclənən və sayqın bir mövqəyə gəlmiş ölkə olduğunu və Şimali Kipr Türk Cümhuriyyətinə tətbiq edilən embarqoların qaldırılmasında artıq önəmli rol oynaya biləcəyini xüsusi vurğu ilə qeyd etdi.
Azəbyacanlı Tələbələr Birliyinin sədri Elçin Süleymanov və Doğu Akdeniz Universitetinin rektoru Prof.Dr. Abdullah Öztoprak azərbaycanlı tələbələrin universitetin və Şimali Kipr Türk Cümhuriyyətinin ictmai həyatında fəal iştirak etdiyini, azərbaycançılıq ideyalarının təbliği sahəsində səmərəli fəaliyyət göstərdiklərini bildirdilər.
Azərbaycan Respublikasının millət vəkilləri Gülər Əhmədova və Sədaqət Vəliyevanın çıxışları Forum iştirakçıları tərəfindən böyük maraqla qarşılandı. Millət vəkilləri Forum çərçivəsində azərbaycanlı tələbələrin qayğıları və problemləri ilə bağlı geniş fikir mübadiləsi apardılar.
Forumda həmçinin təşkilatçılardan biri MİRAS İctimai Birliyinin sədri, Dr. Fariz Xəlilli Azərbaycanda mədəni irsin araşdırılması, qorunması və təbliği sahəsində Azərbaycan dövlətinin genişmiqyaslı işlər gördüyünü, “MİRAS”ın da bu işlərdə ictimai fəallıq göstərdiyini qeyd etdi.
Prof.Dr. Qafar Cəbiyev Azərbaycanın dünyada təkcə neft ölkəsi, Avropa və Asiya üçün önəmli nəqliyyat dəhlizi kimi tanınması ilə yanaşı, onun həm də qədim tarixi və zəngin mədəniyyəti ilə tanınan bir ölkə olduğunu qeyd etdi. O, Azərbaycan ərazisində tarixin bütün mərhələlərinə aid abidələrdə xarici ölkə alimləri ilə birlikdə aparılmaqda olan genşmiqyaslı tədqiqatlar, tarixçi alimlərin son illər ərsəyə gətirdiyi sanballı elmi əsərlər barəsində geniş məlumat verdi.
Nizami rayon YAP Gənclər Birliyinin sədri Əli Pənahov və MİRAS İctimai Birliyinin şöbə müdiri Şölə Bayramova Azərbaycanda həyata keçirilən uğurlu gənclər siyasəti barəsində forum iştirakçılarına ətraflı məlumat verdilər.
Forum çərçivəsində tələbə gənclərin sualları cavablandırıldı, onların qaldırdığı problemlər ətrafında fikir mübadiləsi aparıldı.
Forumda Azərbaycan və Şimali Kipr Türk Cumhuriyyəti gənclərinin gələcək fəaliyyətlərinin əsas istiqamətlərini müəyyən edən birgə bəyannamə qəbul edildi.

Oxunub : 3542