AZE ENG
Facebook
Twitter Google Myspace
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri Orta əsr Ağsu şəhər Arxeoloji turizm kompleksində mədəni irsin konservasiya və bərpası üzrə təlim keçiblər
23-10-2015

Oktyabrın 19-22-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri Orta əsr Ağsu şəhər Arxeoloji turizm kompleksində MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi və İtaliyanın YOCOCU Beynəlxalq Assosiasiyası tərəfindən təşkil olunan arxeoloji sahələrin konservasiyası, bərpası və idarə olunması üzrə II YOCOCU (Mədəni İrsin Konservasiyasında Gənclər) Ağsu Məktəbində təlim keçiblər.
Orta əsr Ağsu şəhər Arxeoloji turizm kompleksindəki konfrans zalında baş tutan təlimləri Prof.Dr. Qafar Cəbiyev (Ağsu arxeoloji ekspedisiyasının rəisi), Silvestro Antonio Ruffolo (Kalabriya Universitetinin Bərpa Laboratoriyasının əməkdaşı, İtaliya), Uğur Genç (Mədəniyyət və Turizm Nazirliyi Mərkəzi Bərpa və Konservasiya Laboratoriyası, Türkiyə), Dr. Fariz Xəlilli (MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri) və Uğur Qiyasi (MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin bərpaçı-memarı) keçib. Kurs müddətində bərpa və konservasiya prinsipləri, bərpa laboratoriyası, daş materiallar, kimyəvi analizlərin aparılması və arxeometriya, çiy kərpicin konservasiyasında yeni nanotexnoloji metodlar və s. mövzularda fikir və təcrübə mübadiləsi aparılıb. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin sənətşünaslıq, turizm və otelçilik, muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması, rəssamlıq, dizayn, kulturologiya ixtisaslarına yiyələnən tələbələri nəzəri və praktik işlər vasitəsilə ən effektiv konservasiya üsulundan yararlanmaq üçün kollektiv təcrübələrini bir araya gətiriblər.
Kurs çoxistiqamətli yanaşma əsasında arxeoloji sahələrin konservasiya və idarə olunması məsələlərinə cəlb olunmuş tələbə və gənc peşəkarlar üçün nəzərdə tutulub. Məzmun və struktur cəhətdən kurslar Ağsu arxeoloji sahəsinin konservasiya və qiymətləndirilməsinə interdisiplinar yanaşmalara aid olduğundan müxtəlif mövzuları və bacarıqları əhatə edib.
Kursun sonunda kurs iştirakçılarına beynəlxalq sertifikatlar təqdim olunub.
Tələbələr Ağsu arxeoloji ekspedisiyasının 2010-2015-ci illərdə tədqiq etdiyi Orta əsr Ağsu şəhəri, Şıxməzid orta əsr abidəsi və ilk orta əsr Mehrəvan şəhər yerində ekskursiya keçiblər. Onlar abidələrin arxeoloji tədqiqatlardan sonra mühafizəsinin çətinləşməsi və təbii amillərin təsirindən aşınmasını yerindəcə izləyiblər.
22-25 oktyabr tarixlərində II YOCOCU Ağsu məktəbində Azərbaycan Memarlıq və İnşaat Universiteti və Xəzər Universitetinin tələbələri təlim keçəcəklər.
 

Oxunub : 3834