AZE ENG
Facebook
Twitter Google Myspace
Bakı şəhərində "Ağsu Şəhidləri. Zəfər Qəhrəmanları" kitab-albomunun təqdimatı keçirilib
10-6-2022

İyunun 9-da Azərbaycan Milli Elmlər Akademiyası Milli Azərbaycan Tarixi Muzeyində "Ağsu Şəhidləri. Zəfər Qəhrəmanları" kitab-albomunun təqdimatı keçirilib.

Kitab-albomda Ağsu rayonunun 44 günlük Vətən müharibəsində şəhid olan Zəfər qəhrəmanlarının tərcümeyi-halları iki dildə (azərbaycan və ingilis dillərində) tərtib edilib. Onların mülki və hərbi həyatlarına dair fotoları albomlaşdırılıb. “Orta əsr Ağsu şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğunda 08 noyabr 2021 - 31 yanvar 2022-ci il tarixlərində keçirilmiş sərgi haqqında informasiya və albom da əlavə edilib. 

Kitab-albomun hazırlanmasında "Miras" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai birliyinin üzvləri, “Orta əsr Ağsu şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğunun və Ağsu rayonu Gəgəli bələdiyyəsinin əməkdaşları yaxından iştirak ediblər. Ağsu rayonundan Millət Vəkili, "Vəhdət" partiyasının sədri Tahir Kərimli kitab-albomun hazırlanmasına məsləhətləri və maliyyə dəstəyi ilə yardım edib. Kitab-albomun elmi redaktoru Prof.Dr. Qafar Cəbiyev, rəyçiləri Prof.Dr. Şikar Qasımov və Şəfa Mövsümovdür. Kitab-albom "Elm və Təhsil" nəşriyyatında çap olunub.

Təqdimat mərasimində əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Təqdimat mərasimini "Miras" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli açıb. O, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin “Orta əsr Ağsu şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğu, “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi və Ağsu rayonu Gəgəli bələdiyyəsinin əməkdaşlığı ilə “Ağsu Şəhidləri. Zəfər Qəhrəmanları” kitab-albomun hazırlandığını, eyniadlı sərginin tərtib edildiyini bildirib. Yaradıcı heyət bütün şəhid ailələrinin evində olub, onların iştirakı ilə mətni hazırlayıb, hisslərini qələmə alıb, müxtəlif yollarla toplanan fotoları əldə edib. Biz bir daha həmin anları yaşadıq, ailələrlə birlikdə öldük, dirildik. Kitab-albomu həyəcansız vərəqləmək mümkün deyil. O, Milli Azərbaycan Tarixi Muzeyinin rəhbərliyinə, akademik Nailə Vəlixanlıya təqdimatın keçirilməsinə yaradılan şəraitə görə minnətdarlıq edib. 

Milli Azərbaycan Tarixi Muzeyinin icraçı direktoru, tarix üzrə fəlsəfə doktoru Fərhad Cabbarov muzeyin Vətən Muharibəsi fondunun yaradılması, indiyə qədər şəhidlərə məxsus eksponatlardan ibarət iki sərginin keçirilməsindən danışıb. Şəhid ailələrini fonda eksponatların toplanmasında dəstək verməyə çağırıb. Kitab-albomun elmi araşdrımalar üçün mənbə olacağını bildirib. 

Millət Vəkili Tahir Kərimli 44 günlük Vətən Müharibəsində qələbənin qazanılmasında şəhidlərimizin, qazilərimizin misilsiz qəhrəmanlığından danışıb. Bütün dövlət, özəl, ictimai qurumların şəhid ailələrinin təskinlik tapmasında hər zaman səfərbər olmasının vacibliyini vurğulayıb. Kitab-albomun bu mənada yaxşı bir vəsait olacağını qeyd edib. 

Milli Azərbaycan Tarixi Muzeyi Vətən müharibəsi fondunun müdiri Şəfa Mövsümov vikipediya kimi elektron ensiklopediyalarda şəhidlərimiz haqqında məlumatların yerləşdirilməsi zamanı istinadlara ehtiyac olması haqqında danışıb. Belə nəşrlər və onların elektron kitabxanalarda yerləşdirilməsi istinadların sayının artmasına imkan yaradır.

Şəhid kapitan Zülfüqar Qubatovun xanımı Aynur Qubatova, Şəhid baş leytenant Rövşən Nurzadənin atası, Azərbaycan Respublikasının xalq artisti Əli Nur, Şəhid gizir Ramin Hüseynovun atası Qüdrət Hüseynov, Şəhid çavuş Elşən Müslümovun anası Şövqiyyə Müslümova, Şəhid çavuş İsrayıl Cəfərzadənin atası Namiq Cəfərov, Şəhid MAHHXHQ əsgər Yalçın Rəhimovun bacısı Nuridə Şeydayeva, Şəhid əsgər Pərvin Təhməzovun anası Əsli Təhməzova, Şəhid əsgər Rəvan Alxaslının anası Xatirə Alxasova, Şəhid əsgər Yadigar Vahabovun anası Şölə Vahabova şəhidlərimiz haqqında danışıblar, təqdim edilən kitab-alboma haqqında öz fikirlərini bölüşüblər. Şəhid ailələri kitabı hazırlayan Fariz Xəlilli, Şölə Bayramova, Vüqar Quliyev və digər əməkdaşlara minnətdarlıqlarını bildiriblər. Onlar öz çıxışlarında xüsusilə Ağsu şəhərində şəhidlərin xatirəsinə muzey-kompleksin təşkil edilməsini arzuladıqlarını qeyd ediblər.

Şəhid kiçik çavuş Elşən Musayevin qızı Ayşən Musalı və Bakı şəhəri Elçin Qaranzadə adına 270 nömrəli tam orta məktəbin şagirdi Zəhra Əliyeva şeir söyləyiblər.

İştirakçılara sertifikatlar təqdim olunub. 

Təqdimatın sonunda şəhid ailələri Hacı Zeynalabdin Tağıyevin ev-muzeyi ilə tanış olublar.

 

Fotolar Mirnaib Həsənoğlu və Anar Həbibovundur.

Oxunub : 1677