AZE ENG
Facebook
Twitter Google Myspace
"Arxeoloji irsin ekspertizası" seminarı
4-4-2023

PİCASP layihəsi çərçivəsində MİRAS İctimai Birliyinin cari il üzrə Tədbirlər Planına əsasən 03 aprel 2023-cü il tarixində Azərbaycan Turizm və Menecment Universitetində “Arxeoloji irsin ekspertizası” mövzusunda seminar təşkil edilib. Sosial Menecment fakültəsinin Muzeyşünaslıq, arxiv işi və abidələrin mühafizəsi ixtisası üzrə təhsil alan 30-dan çox tələbəsinin və müəllimlərinin (professor Minəxanım Əsədova, Tofiq İmanov) iştirakı ilə keçirilən seminarda məruzəçi qismində çıxış edən tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli (Layihənin milli tərəfdaş qismində MİRAS İctimai Birliyi üzrə inzibati rəhbəri) arxeoloji irsin aşkar olunması yolları, aşkar edildikdən sonra əməl olunması zəruri olan prosedurlar, arxeoloji qazıntıların aparılması qaydası, arxeoloji abidələrin tarixi və əsilliyinin müəyyən edilməsi, arxeoloji irsin ekspertizası sahəsində mövcud olan qanunvericilik və Azərbaycan təcrübəsi, həmçinin arxeoloq və mədəni irs mütəxəssisi kimi şəxsi təcrübələri və s. barədə geniş məlumat verib. Tələbələrin müvafiq məsələ ilə bağlı məlumatlılıq səviyyəsinin öyrənilməsi məqsədilə seminardan əvvəl və sonra yazılı sorğu keçirilib.

 

MİRAS-PİCASP seminarlarının məqsədi Xəzər bölgəsində mədəni irs, arxeologiya, muzeylər, turizm sahəsində universitet-müəssisə əməkdaşlığına zəmin hazırlamaqdır. Seminarların proqramı PİCASP Layihəsi çərçivəsində hazırlanıb. Qeyd edək ki, 2021-ci ildən etibarən MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi Avropa Komissiyasının ERASMUS+ Proqramı çərçivəsində maliyyələşdirilən PİCASP (“Xəzər bölgəsinin inkişafında universitet-müəssisə əməkdaşlığını həyata keçirmək üçün istehsalat müəssisələri üzrə pilot kurslar”) layihəsinin tərəfdaşıdır. Layihənin əsas məqsədi yeni öyrənmə vasitəsi olan açıq ödənişsiz onlayn kursların (MOOCs) tətbiqi ilə nəzəriyyə və təcrübəni birləşdirən pilot kurslar əsasında kiçik və orta biznes sahəsində müəllimlərin kompetensiyalarının artırılması, yeni metodologiya və tədris vasitələrinin təqdim olunması, mədəni irsin qorunması sahəsində kadr hazırlığı səviyyəsinin yüksəldilməsi, xüsusilə ali təhsil sahəsində potensialın gücləndirilməsindən ibarətdir. Bu məqsədlə il ərzində MİRAS İctimai Birliyi tərəfindən bir sıra ali təhsil müəssisələrinin müəllim və tələbə heyətlərinin iştirakı ilə seminarlar, tanışlıq turları, təlimlər və ekspedisiyaların təşkili planlaşdırılır.

 

 

Oxunub : 1377