AZE ENG
Facebook
Twitter Google Myspace
Belçika və Azərbaycandan olan tələbələr üçün təlimlərə başlanıb
30-10-2023

28 oktyabr - 03 noyabr 2023-cü il tarixlərində “MİRAS” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi və Belçika Aktiv Türk Dərnəkləri Birliyinin Avropa Komissiyasının “ERASMUS+” Proqramı çərçivəsində maliyyələşdirilən, sağlam həyat tərzinin təbliği ilə bağlı həyata keçirilən layihəsi çərçivəsində Aktiv Türk Dərnəkləri Birliyinin üzvləri olan 30 nəfər belçikalı tələbə və gənclər, Azərbaycan Turizm və Menecment Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Xəzər Universiteti, Odlar Yurdu Universitetinin 30 nəfər azərbaycanlı tələbələri (cəmi 60 nəfər) üçün təlimlər və ölkəmizlə tanışlıq turlarına start verilib. 

Layihənin əsas məqsədi idman, sağlam həyat, motivasiya kimi mövzularda belçikalı və azərbaycanlı gənclərin maarifləndirilməsini həyata keçirməkdir. Bununla yanaşı, yerli gənclərlə qonaqların qaynayıb qarışması, onların fikir və təcrübə mübadiləsi baş tutacaq. Gənclər Bakı, Ağsu və Gəncə şəhərlərində görməli yerləri, tarixi və təbiət abidələrini ziyarət edəcəklər, milli oyunlarla tanış olacaqlar.

Oktyabrın 29-da hər iki ölkəni təmsil edən gənclər Türkiyə Cümhuriyyətinin 100 illiyini qeyd edərək, İstiqlal marşını birlikdə ifa ediblər. Bayram əhval-ruhiyyəsi gün boyu davam edib. Tədbiri “MİRAS” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli açaraq günün proqramını elan edib. Belçika Türk Dərnəkləri Birliyinin sədri Rüfət Can bu təlimlərin gənclərimiz üçün gələcək həyat yollarında böyük əhəmiyyət daşıdığını və bu dərslərdən səmərəli istifadə edəcəklərinə böyük ümid bəslədiyini ifadə edib.

“T-Network” Təhsil İşçilərnin Təcrübə və Kommunikasiya Platformasının rəhbəri, yerli və beynəlxalq təcrübəyə malik kreativ inkişaf və təhsilin idarə olunması üzrə mütəxəssis, Yaxın Doğu Universitetinin Təhsilin idarəolunması üzrə təqaüdlü doktorantı Cəfər Mənsiminin "Ünsiyyətə bal qat" adlı interaktiv təlimi motivasiya əsaslı olmaqla, gənclərdə effektiv ünsiyyət bacarıqlarının inkişafına, bir-birini kəşf etməklə özlərini tanımaları yollarına, özünüinkişafda önəmli məqamlara həsr olunub. Bütün bunlar təlimçinin şəxsi təcrübəsi, müsahiblərinin həyatından misallar, interaktiv öyrədici oyunlar vasitəsilə iştirakçılara çatdırılıb. 

Həmin gün tanınmış jurnalist, “Azərbaycan məktəbi” jurnalında şöbə redaktoru, Mind Traning İnstitutunun “NLP practioner”, “Life couch” sertifikatlı təlimçisi, məktəblilərin sağlam həyat tərzi ilə bağlı məqalələrin, “Azərbaycan mətbəxinin vegeterian yeməkləri” kitabının müəllifi Zemfira Məmmədqızının təqdimatında “Sağlam həyat tərzi” mövzusunda təlim də fəallığı ilə diqqəti cəlb edib. Gənclərə sağlam həyat tərzinin əsasını təşkil edən amillər izah olunub. Mediatasiya keçirilib və sadə idman hərəkətləri ilə beyin yaşının müəyyənləşdirilməsi və insanın zərərli vərdişlərdən uzaqlaşaraq, özünüinkişafa doğru irəliləməsinin yolları təqdim edilib. Təlimçi gənclərə maraqlı tövsiyələr, ədəbiyyat və bu istiqamətdə yol göstərə biləcək sənədli filmləri tövsiyə edib.

Günün üçüncü təlimi idmana həsr olunub. Əvvəlcə Əməkdar məşqçi, dördqat Avropa çempionu, ikiqat Dünya kubokunun sahibi, altıqat dünya çempionatının mükafatçısı, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarında 2 “gümüş” və 1 “bürünc” medal qazanan İdman ustası, Beynəlxalq dərəcəli məşqçi və hakim, Zorxana və Pəhləvan güləşi üzrə yığma komandanın böyük məşqçisi, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının baş müəllimi, doktorant Xəyyam Orucovun “Milli idman oyunlarımız” haqqında təqdimatı, “Zorxana” oyununun müxtəlif mərhələlərini əks etdirən videosüjetləri izləyiblər. Pəhləvanlıq ənənəsi böyük marağa və çoxlu suallara səbəb olub. “Sağlam həyat tərzində idmanın rolu” mövzusunu isə gənclər həmyaşıdları olan, beynəlxalq yarışların qalibi və ölkəmizi beynəlxalq dərəcəli hakim kimi olimpiya lisenziyalı yarışlarda təmsil edən Nihad Şirinlinin çıxışında izləyib, onun dəyərli məsləhətlərini böyük maraqla dinləyiblər.

Günün sonunda layihə iştirakçıları Şəhidlər Xiyabanına gedərək müstəqilliyimiz uğrunda canlarını fadə etmiş Şəhidlərimizin məzarlarını ziyarət edib, ruhlarına dualar oxuyublar. Onlara 20 Yanvar faciəsi, xalqımızın başına gətirilən soyqırımlar haqqında ətraflı məlumat verilib. Türkiyə Cümhuriyyətinin 100 illiyi Türk Şəhidlərinin xatirəsinə ucaldılmış abidə önundə bir daha qeyd olunub və burada uyuyan Qafqaz İslam Ordusu əsgərlərinin Nuru Paşanın rəhbərliyi ilə Azərbaycana gəlişi və bolşevik-daşnak hərbi birləşmələrinə qarşı savaşı haqqında danışılıb. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin, 1923-cü ildə isə Türkiyə Cümhuriyyətinin yaradılmasının türk xalqlarının birliyində yeri və rolu bir daha vurğulanıb.

Qeyd edək ki, layihə çərçivəsində gənclər oktyabrın 30-u Ağsu rayonu Gəgəli kəndində “Tərəkəmə yurdu” ilə tanış olacaq, “Çilingağac” milli oyununu izləyəcək. Orta əsr Ağsu şəhərində arxeoloji qazıntı ilə tanış olacaq, oktyabrın 31-də Gəncədə Xəyyam Orucovun “Milli İdman Oyunları” haqqında geniş təqdimatında iştirak edəcək, Gəncənin gəzməli-görməli yerləri ilə tanış olacaq, noyabrın 1-də təbiətimizin gözəl incisi Göygöl Milli Parkında olacaq, alman evlərinə tamaşa edəcəklər. Noyabrın 2-də Bakı gəzintisi və paytaxtın idman qurğuları ilə tanışlıqla səfəri yekunlaşdırmaq nəzərdə tutulub.

Oxunub : 3556